Cərəyanvurma və ildırımvurma zamanı İLK YARDIM - Sevil Orucovanın məqaləsi  
29.10.2022 13:09

Elektrik yanıqları gərginliyi 24 voltdan yuxarı elektrik cərəyanının orqanizmə təsiri nəticəsində əmələ gələ bilər. Elektrik cərəyanının toxumalara zədələyici təsiri onun bədəndən keçən zaman bilavasitə toxumalara təsiri və toxumalardan keçən zaman ayırdığı istiliyin toxumalara təsiri ilə bağlıdır. Elektrik cərəyanın toxumalardan keçən zaman ayırdığı istilik Coul qanununa görə, cərəyan şiddətindən, toxumaların müqavimətindən və cərəyanın toxumalara təsir müddətindən asılıdır.

 

Elektrik enerjisi toxumalardan keçərkən istilik enerjisinə çevrildiyindən dəridə ("elektrik nişanələri") və altdakı toxumalarda (sümüklərdə "mirvari dənələri") müxtəlif dərəcəli yanıqlar inkişaf edir. Bundan əlavə, elektrikvurmanın ağırlığı cərəyanın növündən (sabit, yaxud dəyişən cərəyan olmasından), təsir müddətindən, cərəyan mənbəyilə təmasda olan səthin sahəsindən və insan bədənindən keçən cərəyanın yollarından asılıdır.

 

Elektrotravmalar bütün zədələnmələrin 1-2,5%-ni təşkil edir və 10% hallarda ölümlə nəticələnir. İnsan həyatı üçün gərginliyi 36 W-dan, gücü isə 0,1 Amperdən çox olan (0,5 A güclü cərəyan öldürücüdür) cərəyan təhlükəli sayılır. Yaş dəri, nəm ayaqqabı və yaş paltar elektrik cərəyanını asanlıqla keçirir. Uşaqlar və qocalar elektrik cərəyanına daha həssas olurlar. Bədəndəki anatomik strukturların və toxumaların zədələnmə dərəcəsi onların elektrikə müqavimətindən asılı olur. Tərkibində su çox olan toxumalar ən az müqavimət qabiliyyətinə malik olduğundan daha yaxşı elektrik “naqili” rolunu oynayır: dəri - 50 000 - 70 000 Om/sm2, dərinin qabarlı yerləri - 1 000 000 Om/sm2, sümüklər - 800 000 Om/sm2, əzələlər isə 1500 Om/sm2 müqavimət göstərə bilirlər. Ən az müqaviməti isə qan göstərir.

 

Cərəyanın mexaniki təsiri istilik və mexaniki enerjinin bədəndə partlayış effekti törətdiyi zaman meydana çıxır: ətrafların amputasiyası, ətraf əzələlərin anatomik preparat halına düşməsi, toxumaların cırılması.

 

Cərəyanın elektrokimyəvi təsiri özünü elektrik sahəsində toxuma və hüceyrələrin yüklənmiş molekullarında polyarizasiyasının və ion konsentrasiyasının dəyişməsi ilə göstərir. Elektrik cərəyanı hüceyrədaxili zülalları gelə çevirərək koaqulyasion nekroz törədir. Trombosit və leykositlərin aqreqasiyası qan dövranının pozulması ilə nəticələnən kiçik damarların trombozuna və nəticə etibarı ilə toxumaların nekrozuna səbəb olur.

 

Cərəyanın ümumi bioloji təsiri hüceyrə membranı və sinir liflərinin polyarizasiyası nəticəsində ürək əzələsinin keçiriciliyinin pozulması və əzələlərin qıc olmuş yığılmaları ilə xarakterizə olunur. Ağır hallarda yüksək gərginlikli cərəyan huşun itməsi ilə elektroşoka, tənəffüsün dayanmasına və mədəciklərin fibrilyasiyasına səbəb olur. Elektrik cərəyanının ümumi təsirinin özünəməxsusluğu həm də ondadır ki, ürəyin dayanması nəinki zədələnmə anında və hətta bir neçə saat sonra, bəzən bir neçə gündən sonra da baş verə bilər. Elektrotravma zamanı ani ölümün səbəbi mədəciklərin fibrillyasiyası və tənəffüsün dayanmasıdır.

 

Elektik yanıqlarının birinci özünəməxsusluğu ondadır ki, həmin nahiyədə sinir uclarının ölməsi nəticəsində yanıqların tam ağrısız olması və əmələ gələn quru nekrozun termiki yanıqlarda olduğundan daha gec qopub düşməsidir. İkinci xüsusiyyət odur ki, damarlın trombozu nəticəsində nekroz daha dərin toxumalara yayılır. Epidermisin zədələnməyən nahiyələri altında nekroz sahələrinin olması xarakterikdir. Elektrik yanıqlarında dərinin zədələnməsi termiki yanıqda olduğu kimi geniş sahəli olmur.

 

Çox vaxt cərəyanın giriş və çıxış yerləri “elektrik nişanələri” ilə məhdudlaşır. "Elektrik nişanələri"nin bir sıra xarakterik əlamətləri var: adətən kiçik - 2-3 sm diametrli dairəvi formada olur (bəzən xətt - naqilin izi şəklində), ortası içəriyə dartılmış, kənarları ətraf dəridən qalxmış quru nekroz şəklində olması (kiçik "nəlbəki" forması), "elektrik nişanələri"nin ətrafındakı dəridə qızartı olmur, yanıq sahəsində ağrı olmur, bəzən yanıq səthində ərimiş metal naqil qırıntıları olur.

 

Elektik “nişanələr”i şəbəkənin mis məftili ilə eletrik zədəsi zamanı sarı-qəhvəyi, alminium, yaxud dəmir məftili ilə bozumtul rəngdə olur. Xəstənin vəziyyətinin ağırlığı dəridəki nekroz sahələrinin ölçüsü ilə deyil, cərəyanın keçdiyi yolda dərin toxumaların zədələnmə sahəsi ilə müəyyənləşdirilir.

 

Əzələlərin zədələnməsi onların təbəqələşməsi, qansızmalar, cərəyanın keçdiyi yolda nekroz və tunelləşmə ilə müşayiət olunur. Sümüklərdə elektroliz nəticəsində qaz və buxar əmələ gəlir, kalsium və fosfor duzları əriyərək "mirvari dənələri" halına düşür. Dərin elektrik yanıqlarında qan damarlarının spazmı və trombozundan toxumaların ikincili nekrozu da ola bilir. Zədələnmənin dərinliyi çox olduqda ölü toxumaların qopması uzun çəkir, irintörədici mikroflora qoşulduqda isə irinli ağırlaşmalar inkişaf edir (fleqmona, osteomielit).

 

Sinir hüceyrələrində tiqroliz, çıxıntıların qalınlaşması və şişməsi qeyd edilir. Baş beyində və bütövlükdə, sinir sistemində gedən dəyişikliklər bu sistemin funksiyasını pozaraq qırtlaq və tənəffüs əzələlərinin spazmına, qıcolmalara, görmənin pozulmasına, parezlərin və ifliclərin meydana çıxmasına səbəb olur.

 

Elektrik boşalması zamanı insan orqanizminə bədəndən kənarda əmələ gələn volt qövsündən işıq, ultrabənövşəyi, infraqırmızı şüalar təsir edərsə dəridə geniş yanıqlar, gözlərdə isə konyuktivit əmələ gəlir. Bədəndən kənarda baş verən elektrik partlayışı zamanı səs dalğaları eşitmə üzvünü zədələyir.
Elektrik cərəyanı bir qoldan digərinə, yaxud qoldan qıça doğru gedərsə "elektrik ilgəyi" əmələ gətirir.

 

İLDIRIMVURMA yüklənmiş buludlar arasında elektrik boşalmasıdır. İldırımvurma zamanı baş verən dəyişikliklər elektrotravmada olduğu kimidir. Fərq yalnız bundan ibarətdir ki, bu zaman orqanizmə qısa müddət ərzində çox yüksək gərginlikli (milyon voltlarla) atmosfer elektriki təsir edir. Bu xəsarətə, adətən açıq səma altında olan şəxslər məruz qalırlar. Tipik hallarda ildırımvurma zamanı mərkəzi və periferik sinir sisteminin zədələnməsi əlamətləri, görmə və eşitmənin pozulması, dəridə ağac budağını xatırladan tünd göy rəngli ləkələrin - "ildırım nişanələrinin" əmələ gəlməsi müşahidə edilir. Travmadan dərhal sonra huş itir (bir neçə dəqiqədən tutmuş ağır hallarda bir neçə sutkaya qədər), hərəki narahatlıq, klonik qıcolmalar meydana çıxır. Bunun ardınca xəstələrdə eyforiya, retroqrad amneziya, bəzən sayıqlama, görmə və eşitmə halüsinasiyaları, ətrafların parezi, bulbar ifliclər və Cekson epilepsiyası inkişaf edir. Ağır hallarda karlıq, lallıq və görmənin ağır dərəcəli pozğunluqları olur. Yüngül zədələnmələr zamanı xəstələrdə bayılma, baş gicəllənməsi, ümumi zəiflik və ağır sinir sarsıntısı müşahidə edilir.

 

Elektrotravmalarda olduğu kimi, ildırımvurma zamanı da əksər hallarda tənəffüsün mərkəz mənşəli dayanması olur.

 

Elektrik və ildırımvurmanın klinikası:

 

Elektrotravmalar 4 ağırlıq dərəcəsinə bölünürlər:

I dərəcə - huş itmədən əzələlərdə qıcolmalar olur;

II dərəcə - huş itir və əzələlərdə qıcolmalar müşahidə edilir;

III dərəcə - huş itir, tənəffüs, yaxud ürək (ya da hər ikisinin birgə) fəaliyyəti pozulur;

IV dərəcə - klinik ölüm.

 

Təxirəsalınmaz yardım: İlk növbədə, zərərçəkən şəxs elektrik cərəyanının təsirindən azad edilməlidir. Bu zaman yardım göstərən şəxs mütləq təhlükəsizlik qaydalanna riayət etməlidir: əllərə rezin əlcəklər geyilir, ayaqların altına quru taxta, ağac atılır. Quru taxta (yaxud ağac) parçası ilə elektrik naqilini şəxsin üstündən kənara tullamaq, zərərçəkmiş insanın bədəninə toxunmayan hissələrdən tutub dartmaq, elektrik qoruyucularını və elektrik açarını açmaq, elektrik cərəyanını söndürməklə cərəyan mənbəyindən şəxsi azad etmək olur.

 

Terminal hallarda xəstəyə süni tənəffüs və ürəyin qapalı masajı ən azı 2 saat ərzində (meyit əlamətləri baş verənə qədər) inadkarlıqla aparılır; təcili yardım briqadası gəlib çıxdıqdan sonra, yuxarı tənəffüs yolları selikdən təmizlənərək intubasiya edilməklə aparatla ağciyərlərin süni ventilyasiyası davam etdirilir; ürəyin fıbrillyasiyası zamanı elektroimpuls terapiya (defıbrillyasiya) aparılır. Digər reanimasiya tədbirləri (parenteral dərmanların yeridilməsi) ümumi qaydada aparılır.

 

Xəstənin huşu bərpa olduqdan sonra isti mayelər (çay, qəhvə) içirdilir (spirtli içkilər olmaz!). Yara səthinə aseptik sarğı qoyulur və o, stasionara göndərilir.
Elektrik və ildırım vurmuş adamı torpağa basdırmaq olmaz! Bir tərəfdən torpaq döş qəfəsini sıxmaqla tənəffüsün keçirilməsini pozur, orqanizmi soyudur, qan dövranını çətinləşdirir, digər tərəfdən isə ilkin yardıma lazım olan qiymətli vaxt itirilir, yaraya tetanus törədiciləri düşə bilir.

 

Müalicə ümumi və yerli olmaqla aparılır. Xəstə stasionarda olduğu birinci 2 gün ərzində təkrar olaraq tənəffüsün və ürək fəaliyyətinin dayanması ola bildiyindən o, nəzarət altında qalmalı, onun yanında təxirəsalınmaz yardım göstərmək üçün lazım olan aparatlar və dərmanlar olmalıdır. Vəziyyəti kafi olan xəstələr belə bir neçə gün həkim nəzarətində saxlanılır, xəstəyə ürək dərmanları, sakitləşdirici preparatlar və vitaminlər təyin edilir. Belə ki, elektrotravmadan bir neçə gün sonra xəstənin kafi vəziyyətində ürək əzələsinin yumşalması nəticəsində qəflətən cırılması və ölüm halları məlumdur. Qalan hallarda ümumi müalicə termiki yanıqlarda olduğu kimi aparılır.

 

Yerli müalicə yanığın xarakteri və dərinliyi nəzərə alınmaqla aparılır. Səthi elektrik yanıqları zamanı yanıq sahəsinin sanasiyası aparılmaqla üzərinə aseptik sarğı qoyulur. Dərin yanıqlarda erkən nekrektomiya aparılır. Ətraflar kömürləşdikdə amputasiya edilir.
Nekrektomiyadan sonra yerli olaraq antiseptik maddələrlə və proteolitik fermentlərlə sarğılar aparılır.

 

Elektrik yanıqlarında dəridə geniş sahəli nekrozlara çox az təsadüf edildiyindən dəri plastikasından az istifadə edilir.

 

Nərimanov Tibb Mərkəzinin həkim-pediatrı Sevil Orucova

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
AQTİ vakansiya elan edir
TƏBİB Strateji inkişaf departamentinə böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
Suraxanı Tibb Mərkəzinin terapevti Növrəstə Musayeva - Həkimlərimizi tanıyaq!
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov