Termiki yanıqlarda ilk yardım və yanıqların müalicəsi - Sevil Orucova yazır...
21.10.2022 21:35

İlk növbədə, termiki agentin təsiri aradan götürülməlidir. Yanıqdan dərhal sonra yanıq səthi 15-30 dəqiqə müddətində soyuq su ilə, yaxud köpüklənən soyuducu gellə soyudulur. Bu məqsədlə bu və qar da istifadə oluna bilər. Yanıq şokunun profilaktikası məqsədilə əzələdaxili ağrıkəsicilər vurulur. Ağır hallarda inholyasion narkoz da verilə bilər. Ağır yanıqlarda venadaxilinə hidrokortizon, prednizalon vurulur, infuzion terapiya aparılır. Yanmış paltar əyindən çıxarılır, yaxud kəsilib kənar edilir. Yanıq səthinə quru və ya nəm aseptik sarğı qoyulur. Xəstəyə içməyə çoxlu mineral sular, olmadıqda çay sodası və xörək duzu qatılmış su verilir. Əzələdaxili kardiomin kofein vurulur, infuzion terapiya aparmaqla xəstəxanaya təxliyyə edilir.

 

Yanıqların müalicəsi yerli və ümumi olmaqla aparılır. 

Yerli müalicə zamanı ağrısızlaşdırma apardıqdan sonra 0,25 %-li naşatır spirti və ya 3-4 %-li bor turşusu ilə yanığın ətrafındakı dəri silinir, çox çirklənmiş sahələr 3%-li hidrogen peroksidlər təmizlənir. İri suluqlar əsasından kəsilir, içərisi boşaldılır, bundan sonra yanıq səthi xlorheksidin, yaxud poliheksanid məhlulu ilə yuyulur və steril tənziflə qurudulur. Sonrakı müalicə taktikası (konservativ yaxud cərrahi) yanığın dərinliyindən asılıdır.

 

Konservativ müalicə (qapalı, açıq və qarışıq olmaqla) yalnız səthi yanıqlarda aparılır. Qapalı üsul ən çox istifadə olunan üsuldur. I dərəcəli yanıqlarda yanıq səthinə məlhəmli sarğılar (sintomisin emusiyası, vişnevski məlhəmi, balıq yağı və.s) qoyulur, 4-5 gündən sonra açılır. Bu müddətdə sağalma baş verir. II dərəcəli yanıqlarda levomikol, 5%-li dioksidin məlhəmləri ilə sarğı qoyulur, 2-3 gündən sonra sarğı dəyişdirilir, suluq olarsa suluqlar kəsilir, yara səthi furosilin, xlorheksidin, dioksidin, bor turşusu kimi məhlullarla yuyulur, sonra isə həmin məhlullarla isladılmış sarğı qoyulur. IIIA dərəcəli yanıqlarda yanıqətrafı dəri silinir, yanıq səthinə sarğı qoyulur. İrinli proses inkişaf etdikdə müalicə müvafiq qaydada davam etdirilir. IIIB- IV dərəcəli yanıqlarda yaraya günaşırı yaş sarğılar qoyulur. Yanığın ilk həftəsinin sonunda yanıq səthindəki qartmaq irinlə əriməyə başlayır və sarğı zamanı həmin ölmüş toxumalar kənarlaşdırılır. Bu prosesi sürətləndirmək məqsədilə proteolitik fermentlər də istifadə oluna bilər. İrinli mərhələ başa çatdıqdan sonra qranulyasiya başlayır, yara kənarında epitelizasiya gedir. Böyük sahəli yanıqlarda dəri plastikası tələb olunur.

Açıq üsulla müalicə az istifadə olunur. Ən çox sifət, boyun və aralığın yanıqlarında işlədilir. Gündə 3-4 dəfə sarğı qoymadan yara səthinə vazelin, sintomisin, frusilin və digər anseptik məlhəmlər sürtülür. Son illər yanıq səthinin hava və ultrabənövşəyi şüalarla qurudulması, xəstələrin açıq üsulla abakterial mühitdə müalicəsi üsullarından da istifadə edilir.

 

Cərrahi müalicə. Cərrahi müalicə yanıqların IIIB- IV dərəcələrində istifadə olunur. Cərrahi müalicəyə a) nekrotomiya, b) erkən nekrektomiya və yara defektinin autodəri yaxud müvəqqəti olaraq allo, hetero və süni dəri ilə örtülməsi, c) yanıq səthinin təxirəsalınmış dəri plastikası aiddir.

 

Nekrotomiya xəstə şokdan çıxdıqdan sonra yanmış toxumalarda sağlam toxumaya qədər bir-birinə paralel olan kəsiklər aparmaqla icra edilir.

 

Nekrotik toxumanın özbaşına qopması və yara səthinin sağalması 3-7 həftəyə qədər çəkə bilər. Bu da həmin yara səthindən çoxlu plazma itkisinə və yara səthinin irinləməsinə səbəb ola bilər. Bunları aradan götürmək üçün erkən nekrektomiya aparılır.

 

Erkən nekrektomiya göstərişlər: a) birmomentli dəri plastikasına imkan verən, sahəsi 10-20% olan IIIB dərəcəli yanıqlar; b) barmaqların yanığı; c) uşaqlarda 65% və daha çox yanıq zamanı ölümün qarşısını ala biləcək yeganə vasitə kimi; ç) ahıl şəxslərdə ölümün qarşısını ala biləcək yeganə vasitə kimi.

 
Təxirəsalınmış dəri plastikası. Təxirəsalınmış dəri plastikası yanıq səthindən infeksiyalaşmış toxumalar tamamilə qopub düşdükdən sonra autodermaplastika ilə aparılır. Bu zaman yara səthində toxumanın hər bir qramına 105 sayda artıq mikrob düşməməlidir. Donor sahədən (qarının ön divarı, budun ön səthi və.s) bir dəfəyə götürülən dərinin sahəsi 800-1500 sm2-dən çox olmamalıdır.
 
Yanıq xəstəliyinin və yanıqların ümumi müalicəsi:
 
Ağrıya qarşı mübarizə yanıq şokunun müalicəsinin tərkib hissəsidir.Bu məqsədlə müxtəlif vasitələrdən istifadə edilir: xəstə üçün rahatlıq yaradılır, yanıq səthinə novokainlə (lidokainlə, prokainlə), yaxud anestezin məlhəmi ilə sarğı qoyulur, güclü ağrılarda qeyri-narkotik analgetiklər (2,0 ml 50%-li analgin), antihistamin preparatlar (1-2 ml 1-2%-li dimedrol, 2 ml suprastin, 2 ml pipolfen), fentanil və droperidol yeridilir. Lazımi hallarda narkotiklərdən (1-2 ml 1-2%-li promedol, 1-2 ml 2%- li omnopon və s.) istifadə edilir.
 
Yanıq şoku ilə xəstə reanimasiya şöbəsinə daxil olan kimi yuxarı tənəffüs yollarının keçiriciliyi yoxlanılır və lazımdırsa bərpa edilir, lazımi hallarda xəstəyə oksigen verilir, xəstə ağrısızlaşdırılır, mərkəzi venalardan biri (körpücükaltı, bud, xarici vidaci vena) kateterizasiya olunur, infuzion terapiyaya başlanılır və plazmaəvəzedicilər köçürülür. Sidik kisəsinin kateterizasiyası diurezə nəzarət üçün zəruridir.
 
Köçürüləcək məhlulun miqdarını təyin etmək üçün Brok formulundan istifadə edilir. Birinci sutka ərzində köçürüləcək mayenin həcmi — 1 ml xəstənin çəkisi (kq) x yanığın sahəsi (II-IV dərəcəli yanıqlarda, %-lə) + 2000 ml 5%,-li qlükoza. Alınan həcmin yarısını ilk 8 saat müddətində, qalanını isə 16 saat ərzində köçürürlər. Sonrakı günlərdə köçürüləcək mayenin həcmi 2-3 dəfə azaldılır. Həmçinin Parkland formulu ilə də infuziyanın həcmi təyin edilir: infuziya həcmi = şokun dərəcəsi x bədən çəkisi xyanığın sahəsi (faizlə) + fızioloji tələbat.
 
Fillips formulundan da istifadə etmək olar: ilkin 8 saat ərzində köçürülən mayenin həcmi = yanığın sahəsi (%-lə) x 100 ml. Bu miqdar maye sonrakı 16 saatda da köçürülür.
 
Mərkəzi hemodinamikanı normallaşdırmaq üçün venadaxili olmaqla, infuzion-transfuzion terapiyada ən çox plazma, albumin, protein, poliqlükin, reopoliqlükin, 5% və 10%-li qlükoza, 0,9 %-li NaCl məhlulları köçürülür. Köçürüləcək mayenin tərkibini seçərkən orqanizmdəki suyun, duzların, zülalların və eritrositlərin miqdarı mütləq nəzərə alınmalıdır. Asidozu aradan qaldırmaq məqsədilə isə natrium-bikorbanat, disol və trisol məhlullarının venadaxili infuziyası aparılır. Arterial təzyiq aşağıdırsa, eyni zamanda, venaya hidrokortizon, yaxud prednizalon yeridilir. Ehtiyac varsa, xəstəyə kordiamin, ürək qlükozidləri (strofantin, korqlükon) də vurulur.
 
Qanın reologiyasını yaxşılaşdırmaq üçün xəstənin venasına reopoliqlükin və ya reomakrodeks, damar spazmmı və periferik damar müqavimətini azaltmaq məqsədilə sutkada 3-4 dəfə olmaqla 2 ml droperidol yeridilir. Vena daxilinə damcı ilə 100-200 ml 0,25% novokain köçürülə bilər.
 
Damardaxili laxtalanma sindromunun profilaktikası məqsədilə xəstəyə heparin və trental, kurantil kimi dezaqreqantlar təyin edilir.
 
Yanıq şokunun birinci günü hiperkaliemiya, ikinci günündən sonra isə hipokaliemiya olur. Hipokaliemiya hallarında 5%-li qlükoza məhlulunda 10%-li kalium-xlorid yeridilir (sutka ərzində 30 ml-dən çox 10%- li kalium-xlorid olmaz).
 
MVT-nin (mərkəzi venoz təzyiq) 150 mm. su süt.-dan çox olması miokardm zəifliyini göstərir və ürək qlükozidlərinin yeridilməsini, infuziyanın sürətinin azaldılmasnı tələb edir. Əksinə, MVT-nin 50 mm. su süt.-dan az olması infuziyanın sürətinin artırılmasma göstəriş sayılır.
 
Diurez 40 ml/saat olması diuretiklərin yeridilməsini tələb olunmur. Diurezin bu həcmdən az olması 15%-li mannitolun və laziksin (2-4 ml) yeridilməsinə göstərişdir. Yanıq şokunda barmaqların dərisinin temperaturu ilə ağız boşluğunun temperaturu arasında fərq 8-12° olur. Bu fərqin azalması mikrosirkulyasiyanın yaxşılaşmasını göstərir.
 
Arterial təzyiqin, dövr edən qanın həcminin, ürəyin vurğu həcminin normallaşması, miqdarca adekvat diurez, heotokritin normal göstəricisi, sinir sistemi pozğunluqlarının aradan qalxması, bədən temperaturunun artması və normadan ən azı 1° çox olması xəstənin yanıq şokundan çıxmasına dəlalət edən əlamətlərdir.
 
Toksemiya dövründə aparılan müalicə.
 
Toksemiya dövründə və əgər sonralar septikotoksemiya (geniş sahəli IIIA,bütün IIIB və IV dərəcə yanıqlar zamanı 10-15-ci sutkadan başlayaraq yara səthindəki ölmüş və qopub düşməkdə olan toxumaların irinləməsi) inkişaf edərsə aşağıdakı müalicə tədbirləri aparılır:
intoksikasiya əleyhinə (dezintokasion) terapiya, infeksion ağırlaşmaların profılaktikası - antibakterial terapiya, pozulmuş zülal, karbohidrat, yağ və su-duz mübadiləsinin tənzimi, qanın pH-nın sabitləşdirilməsi, ürəyin və böyrəklərin funksiyasının normallaşdırılması, lazımi simptomatik terapiya.
 
Nərimanov Tibb Mərkəzinin həkim-pediatrı Sevil Orucova
 
ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib
AQTİ vakansiya elan edir
TƏBİB Strateji inkişaf departamentinə böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov
Suraxanı Tibb Mərkəzinin terapevti Növrəstə Musayeva - Həkimlərimizi tanıyaq!