Belarus Səhiyyə Nazirliyinin nümayəndə heyəti ölkəmizdəki rezidentura təhsil sistemi ilə tanış olub
10.12.2021 13:49

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) uzun illərdir ki, keçmiş Sovet İttifaqının ayrı-ayrı respublikaları, həmçinin Amerika, Türkiyə, Avstriya və bir çox xaricı ölkələrin ali tibb təhsili müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq uzun illər ərzində daim inkşaf edir və genişlənir. Həmin beynəlxalq əlaqələrin davamı olaraq 6-9 dekabr 2021-ci il tarixində Belarus Respublikası Səhiyyə Nazirliyinin təşkilat-kadr baş idarəsinin rəisi O.N.Kolyupanovanın, Belarus Tibb Diplomdansonrakı Təhsil Akademiyasının BTDTA-nın rektoru A.N.Çukanovun və digər rəsmi şəxslərin Bakıya işgüzar səfəri baş tutub. Nümayəndə heyətini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nigar Əliyeva qəbul edib.

 

Aztibb.az xəbər verir ki, görüşdə ölkəmizin Belarus Respublikası ilə müxtəlif sahələrdə olan geniş əlaqələri arasında səhiyyə, o cümlədən tibb təhsili sisteminin inkişafı haqqında müzakirələr aparılıb, gələcək perspektivlərdən bəhs olunub. 

 

Qeyd edək ki, BTDTA ilə ADHTİ arasında çoxillik əməkdaşlıq təcrübəsi və fəaliyyəti mövcuddur. Hazırda bu əməkdaşlıq ADHTİ və BTDTA rektorları tərəfindən 2016-cı ildə imzalanmış iki təhsil müəssisəsi arasında əməkdaşlığın yeni, daha yüksək səviyyəsini müəyyən edən müqavilə əsasında inkişaf edir. Müqaviləyə görə, hər iki müəssisənin elm, təhsil və səhiyyə bölmələri arasında əsaslı əməkdaşlıq və təcrübə mübadiləsi aparılıb. Bu əməkdaşlıq çərçivəsində Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim və həkim heyəti, eyni zamanda institutun digər əməkdaşları və rezidentləri dəfələrlə Belarusa ezam olunaraq müxtəlif tədris, elmi-praktik və digər tədbirlərdə fəal iştirak ediblər. Əməkdaşlıq elektron, videokonfrans müzakirələr çərçivəsində müxtəlif formatlarda da həyata keçirilib. Sonrakı illərdə ADHTİ-nin rektoru professor N.A.Qasımov və BTDTA-nin sabiq rektoru professor D.M.Nitkin arasında imzalanmış yeni müqaviləyə əsasən Ə.Əliyev adına ADHTİ və BTDTA-da işçi qrupları yaradılıb Bu qruplara hər iki tərəfdən institutun və akademiyanın professor-müəllim heyətindən nümayəndələr daxil edilib. İşçi qrupları arasında mütəmadi olaraq onlayn telekörpü keçirilir və planlaşdırılmış işlər müzakirə olunur, innovativ araşdırmaların və onların tibb elminə tətbiq olunması haqqında qarşılıqlı informasiya mübadiləsi aparılır, konfranslar, seminarlar və digər elmi-tədris tədbirləri planlaşdırılaraq həyata keçirilir. Mühazirələrin, seminarların, konsultasiyaların, master-klasların aparılması üçün hər iki tərəfdən professor-müəllim heyətindən nümayəndələr ayrılıb. Yeni müqavilənin bağlanmasından sonra keçən qısa müddət ərzində BTDTA-nın professor-müəllim heyəti tərəfindən cərrahlıq, anesteziologiya və reanimatologiya, mamalıq və ginekologiya, səhiyyənin təşkili və menecmenti, neonatologiya üzrə 5 səyyar kurs keçirilib. ADHTİ tərəfindən professor-müəllim heyətindən Belarusda təkmilləşmə kursları keçmək üçün 6 nəfər ezam olunub.Hər iki müəssisə keçirəcəyi elmi tədbirlər haqqında daim bir-birini məlumatlandırır. BTDTA-nın təsisçi olduğu “Cərrahlıq” jurnalında institutun əməkdaşları mütəmadi olaraq məqalələr dərc etdirirlər. Eyni zamanda, ADHTİ-nin təsisçi olduğu “Tibb və Elm” jurnalında BTDTA-nın əməkdaşları öz məqalələrini dərc etdirirlər. Elmi-tədqiqat layihələrinin hazırlanmasında, tibb üzrə monoqrafiyaların və dərs vəsaitlərinin yazılmasında birgə fəaliyyət göstərilir, kafedralar arasında birgə elmi-tədqiqat işlərinin aparılması sahəsində əməkdaşlıq edilir. Həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində mütəxəssislər təhsil proqramlarının birgə hazırlanmasında və yenilənməsində də iştirak edirlər.

 

Ölkəmizdə 2009-cu ildə Azərbayvan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış və 2011-ci ildən fəaliyyətini davam etdirən rezidentura təhsil sistemində milli ali tibb kadrlarının hazırlanmasındakı nailiyyətlər də yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, bu gün Belarus hökümətinin respublikamızda təşkil olunmuş tibb təhsilinin bu formasına marağı böyükdür və nümayəndə heyətinin ölkəmizə səfərinin əsas məqsədlərindən biri də məhz bu qabaqcıl təcrübənin öyrənilməsidir.

 

ADHTİ-da institutun rektoru professor N.A.Qasımov, prorektorlar T.H.Eyvazov və M.T.Meybəliyevin Belarus Respublikası Səhiyyə Nazirliyinin təşkilat-kadr baş idarəsinin rəisi O.N.Kolyupanova, rektor A.N.Çukanova və həmin Akademiyanın prorektoru A.V.Platonov ilə görüşündə də bu məsələ diqqət mərkəzində olub. Tədbirdə tərəflər son vaxtlarda təmsil etdikləri təhsil müəssisələrin həyatında baş vermiş yeniliklər, pandemiya şəraitində institutların fəaliyyəti, əməkdaşlıq haqqında bağlanmış ikitərəfli müqavilə çərçivəsində görülmüş işlər barədə müzakirələr aparıb, yeni şəraitdə gələcək dövrdə birgə fəaliyyət istiqamətlərini müəyyən ediblər. Qonaqlar bildirib ki, Belarus hökuməti tibb sahəsində aparılan islahatlar çərcivəsində ali tibb kadrlarınıın rezidentura sistemində hazırlanması məsələsini planlaşdırır və bu işdə bir sıra ölkələrin modelləri öyrənildikdən sonra Azərbayvan modelinə üstünlük verilib. ADHTİ-nin rektoru, professor Nazim Qasımov ölkəmizdə rezidentura təhsilinin yaradılmasının hüquqi aspektləri, internatura təhsil formasından üstnlüyü, onun əvəzlənməsinin zəruriliyi, rezidenturanın təşkili, əldə edilmiş nailiyyətlər və s. barədə qonaqlara ətraflı məlumat verib. Görüş işgüzar şəraitdə keçib, nümayəndə heyətini maraqlandıran bütün məsələlərə aydınlıq gətirilib, qarşıya çıxan problemlərin həlli yolları göstərilib. Görüşün sonunda institutlar arasında 2022-2024-cü illər üçün fəaliyyət proqramı imzalanıb. 

 

Səfər zamanı qonaqlar ADHTİ-nin rezidentlərinin təhsil aldığı bir neçə baza tibb müəssisələrində olub, yaradılmış şəraitlə və təhsilin səviyyəsi ilə tanış olublar. İnstitutun rezidentura şöbəsində qonaqlara tədrisin təşkili, idarə olunması, sənədləşmə, məzunların bölgələrə təyinatı və s. kimi məsələlər haqqında məlumat verilib. Bu zaman təhsil modelinin özünü doğrultduğu, yüksək keyfiyyətli tibb kadrlarının hazırlandığı, məzun olmuş rezidentlərimizin istər dövlət, istərsə də özəl sektorda aparıcı mövqelərdə çalışdığı diqqətə çatdırılıb.

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Həyat yoldaşına böyrəyini bağışladı
Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Musa Abbasov: “Yenidən transplantasiya əməliyyatlarına başlayacağıq”  
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları