Azərbaycanda klinik cərrahiyyənin qısa tarixi – ilk praktik fəaliyyət /Birinci yazı
15.08.2021 17:57

Cərrahiyyə insanlığın ilk günlərindən meydana gəlib. Hələ qədim zamanlarda ovçular  yaralandığı zaman qanaxmanın dayandırılması üçün müxtəlif bitki və otlardan istifadə edilərək yaralar təmizlənir və bağlanırdı.

 

Aztibb.az Azərbaycanda kliniki cərrahiyyənin ilk inkişaf tarixi, xəstəxanalarda cərrahi şöbələrin yaradılması, alim-cərrahların bu istiqamətdə xidmətləri haqqında yazını təqdim edir.

 

Xəstələri müalicə etmək üçün istifadə edilən ən qədim cərrahi üsullardan biri xəstəliyin bədəndən uzaqlaşması üçün xəstənin kəllə sümüyündə kiçik bir dəliyin açılması idi. Belə kəllələr arxeoloji qazıntılar zamanı Avropanın müxtəlif yerlərində, xüsusən İngiltərə və Fransada və Peruda tapılıb. Bu üsul bu gün də Əlcəzair, Melaneziya və dünyanın bəzi yerlərində ibtidai tayfalar arasında tətbiq olunmaqdadır.

 

Qədim hindular daşların cərrahi yolla çıxarılması və plastik cərrahiyyədə bacarıqlı idilər. Zinaya görə verilən cəzalardan biri də burun kəsmək olduğu üçün hind cərrahları tez-tez plastik burun əməliyyatı etməli olurdular və bunun üçün xəstənin yanağından bir parça kəsib bu parçanı burun ucuna tikirdilər.

 

Azərbaycanda 1980-ci illərdə Ağdam rayonu yaxınlığında Çalağantəpə məntəqəsində aparılan arxeoloji qazıntılar nəticəsində, e.ə. IV minilliyə aid və üzərində trepanasiya əməliyyatının izlərini daşıyan insan kəlləsi aşkar olunub.

 

Tapıntılar tunc-daş dövründə yaşayan cərrahların müəyyən bilik və səriştəyə malik olmasından xəbər verirdi. Müəyyən edilib ki, əməliyyat çınqıl daşından hazırlanmış skalpellə yerinə yetirilirdi və çox güman ki, xəstənin ağrı və iztirablarını azaltmaq məqsədi daşıyırdı.

 

Azərbaycanda tibb Manna və Midiya dövlətlərində e.ə. VIII-IV əsrlərdə Assuriya və Babilistan tibbinin təsiri altında inkişaf edib. Atroptena və Qafqaz Albaniyası dövlətlərində tibb nəzəriyyəsi qədim Zərdüştilikdən gələn və yunanlar tərəfindən mənimsənilmiş dörd ünsür (od, su, torpaq və hava) nəzəriyyəsinə əsaslanırdı.

 

Miladın IV əsrindən etibarən türkəçarə adlanan türk təbabəti daha geniş yayıldı. Həkimlərə türkçə qam (şaman), yaxud otaçı (otlarla müalicə edən həkim), dərmana isə ota deyirdilər.

 

Orta əsrlərə dair əlyazmalar tibbdən bəhs edən qiymətli məlumatlarla daha zəngin olduğundan, bu əlyazmalar arasında Avropada Abulkasis kimi tanınan Əbülqasım Zəhrəvinin "Cərrahiyyə və Alətlər" kitabı UNESCO-nun Dünya Yaddaşı siyahısına daxil edilib.

 

 

 

Azərbaycanda kliniki cərrahiyyənin ilk inkişaf tarixi Bakı Universitetinin və onun tibb fakültəsinin yaradılması (1920-ci il) ilə əlaqədardır. Ötən əsrdə Azərbaycanda yaradılan Bakı Universitetinin tərkibində bir neçə fakultə olsa da ilk illərdə onlardan yalnız ikisi - tarix-filologiya və tibb fakultələri fəaliyyət göstərirdi. Bakı Universitetinin ilk rektoru V.J.Razumovski, tibb fakultəsinin dekanı isə professor J.J.Şirokoqorov təyin edildi. Universitet rəhbərliyi qısa müddət ərzində o vaxtlar Bakıda yaşayan tibb kadrlarının və müəllimlərinin ən istedadlılarını seçərək tibb fakultəsinə işə cəlb edirdilər. Bunlar arasında B.K.Finkelşteyn, A.İ.Okinşeviç, A.A.Osmanda var idilər.

 

İlk tədris ilində tibb fakultəsinin müəllimləri arasında bir nəfər də azərbaycanlı yox idi. 1920-1921-ci tədris ilində M.A.Topçubaşov, 1922-1923-cü tədris ilində isə M.A.Mirqasımov universitetə işə qəbul olundular. Sonrakı illərdə isə Avropa və Rusiyanın müxtəlif şəhərlərində tibbi təhsil alaraq Bakıya qayıtmış milli kadrlar işə qəbul edilərək müəllimlərin sayı artırıldı (A.R.Talışinski, İ.M.İsmayılzadə, M.M.Hacıqasımov, A.F.Qafarov,T.K.Əmirov və.s.).

 

Artıq tibb kadrlarına böyük ehtiyac olduğunu nəzərə alaraq, 1930-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutu yaradıldı və Azərbaycan Səhiyyə Komisarlığının tabeliyinə verildi.

 

Cərrahlıq əsasən, ümumi, fakultə və hospital cərrahlığı klinikalarda tədris olunurdu. Bu klinikalara görkəmli alim-cərrahlar rəhbərlik edirdilər. Bunlardan biri olan B.K.Finkelşteyn (1871-1931) geniş tibbi biliyə malik olan təcrübəli müəllim, mahir cərrah idi. İlk dəfə olaraq professor B.K.Finkelşteyn tərəfindən 1921-ci ildə rus dilində ümumi cərrahlıq (Pуководства по общий хирургии) dərsliyi yazıldı. 1921-1931-ci illərdə kafedra əməkdaşları tərəfindən kliniki cərrahlığın aktual problemlərinə həsr olunmuş bir neçə doktorluq dissertasiyaları müdafiə olundu (İ.S.Qinzburq 1924, İ.L.Frayerman 1925, M.A.Mirqasımov 1927).

 

1931-ci ilin sentyabr ayının 20-də B.K.Finkelşteyn ürək tutmasından qəflətən vəfat edir. Ondan sonra kafedraya ilk dəfə olaraq milli kadr professor M.A.Mirqasımov müdir seçilir.

 

1926-1938-ci illərdə ümumi cərrahlıq kafedrasına tanınmış alim, cərrah A.İ.Okinşeviç (1868-1938). rəhbərlik edib. Onun rəhbərliyi ilə qalxanabənzər vəzinin xəstəlikləri, qara ciyərin absesləri, irinli və təcili cərrahlığın bir sıra məsələləri ilə bağlı elmi-tədqiqat işləri aparılıb. Professor Z.M.Məmmədov, Q.R.Qurbanov, F.Ə.Əfəndiyev alimin tələbələri olublar.

 

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Tibb üzrə fəlsəfə doktoru İmmi Ələkbərova Xətai Tibb Mərkəzində fəaliyyət göstərəcək
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?