TƏBİB nümayəndələri Banqkokda keçirilən 22-ci AMN Beynəlxalq Konqresində iştirak ediblər
23.07.2025 08:35

TƏBİB-in nümayəndə heyəti Tailandın Banqkok şəhərində keçirilən 22-ci AMN (Multidistiplinar Neyrotravmatologiya Akademiyası) Beynəlxalq Konqresində geniş tərkibdə təmsil olunub. Heyətə TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov, Respublika Neyrocərrahiyyə Xəstəxanasının neyrocərrahı Nizami Məmmədov və Azərbaycan Neyrocərrahiyyə Assosiasiyasının sədri, Azərbaycan Tibb Universitetinin Neyrocərrahiyyə kafedrasının müdiri Rövşən Xəlilzadə daxil olub.

 

Aztibb.az bu barədə TƏBİB-ə istinadla xəbər verir.

 

Neyrotravmatologiya sahəsində dünyanın aparıcı mütəxəssislərini bir araya gəldiyi travmatik beyin zədələnmələri üzrə ən son elmi və klinik yeniliklərin təqdim olunduğu tədbirdə ümumilikdə 15-dən çox ölkədən 350-dən artıq ekspert, həkim və tədqiqatçı iştirak edib. Konqresin əsas məqsədi travmatik beyin zədələnməsi və digər neyrotravmalar üzrə multidissiplinar yanaşmanın gücləndirilməsi, yeni diaqnostika, müalicə, cərrahiyyə və reabilitasiya metodlarının təqdimatı olub.

 

İki gün ərzində 13 tematik sessiya keçirilib, 3 debat paneli və 2 interaktiv klinik müzakirə baş tutub. Sessiyalarda travmatik beyin zədələnmələrinin erkən mərhələdə diaqnostikası və təcili tibbi yardımı, hospitalqabağı və reanimasiya mərhələsində qərar qəbuletmə, neyrocərrahiyyə müdaxilələrinin müasir protokolları, travma sonrası reabilitasiya, neyropsixoloji və kognitiv ağırlaşmaların idarə olunması və digər sahələr üzrə aktual mövzuların müzakirələri aparılıb.

 

TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov konqresin elmi proqramı çərçivəsində “Travmatik beyin zədələnməsindən sonrakı reabilitasiyada keyfiyyət göstəriciləri” mövzusunda çıxış edib. O, Azərbaycanda bu sahədə tətbiq olunan yanaşmalar, nəticəyə əsaslanan idarəetmə modeli və keyfiyyət göstəricilərinin klinik proseslərə inteqrasiyası barədə ətraflı məlumat verib. Pərvin Əkbərov Azərbaycanın neyroreabilitasiya sahəsində son illərdə əldə etdiyi irəliləyişlərdən də söz açıb. O bildirib ki, ölkəmizdə neyroreabilitasiya sahəsində həyata keçirilən islahatlar, əsasən, pasiyent mərkəzli və nəticəyə əsaslanan idarəetmə modelinə söykənir. İcraçı direktorun müşaviri vurğulayıb ki, travmatik beyin zədələnmələrindən sonra pasiyentin funksional bərpasına nail olunmasında multidissiplinar komanda yanaşmasının, yəni fizioterapevt, loqoped, psixoloq, sosial işçi və digər ixtisasların koordinasiyalı fəaliyyətinin xüsusi əhəmiyyəti var.

 

Pərvin Əkbərov qeyd edib ki, TƏBİB-in təşəbbüsü ilə tətbiq olunan “goal-oriented care” modeli çərçivəsində hər bir pasiyent üçün fərdi reabilitasiya məqsədləri müəyyən edilir və bu məqsədlərə çatma səviyyəsi ölçülür. Onun sözlərinə görə, bu istiqamətdə ölkə üzrə vahid göstərici çərçivəsinin hazırlanması üzərində işlər aparılır, nəticələrin davamlı monitorinqi üçün isə mərhələli şəkildə rəqəmsal sistemlərin tətbiqi nəzərdə tutulur.

 

O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünya İnsult Təşkilatı (WSO) və Avropa İnsult Təşkilatının (ESO) tövsiyələrinin Azərbaycandakı neyroreabilitasiya sisteminə uğurla inteqrasiya edildiyini bildirilib. Pərvin Əkbərov vurğulayıb ki, bu tövsiyələrə əsaslanan yanaşmalar travmatik beyin zədələnməsi olan pasiyentlər üçün ölçülə bilən nəticələrə və daha keyfiyyətli tibbi-sosial bərpaya şərait yaradır.

 

Konqresdən əvvəl “Neurotrauma Treatment Simulation Center (NTSC) Extended” çərçivəsində simulyasiya təlimləri keçirilib. Təlimlərdə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Simulyasiyalarda real klinik situasiyalar üzərində qərar qəbuletmə, interdisiplinar koordinasiya və komanda işi üzrə bacarıqlar nümayiş olunub.

 

Tədbir çərçivəsində AMN-in Beynəlxalq Fokus qrupları yaradılıb. Qruplar neyrotravmatologiya üzrə beynəlxalq səylərin koordinasiyası, elmi əməkdaşlıq və təlim strategiyalarının hormonizasiyasını hədəfləyir. Azərbaycan bu qruplarda rəsmi üzv qismində seçilib və ölkəni platformada təmsil etmək səlahiyyəti Pərvin Əkbərova həvalə olunub.

 

Azərbaycan nümayəndə heyətinin konqresdə fəal iştirakı ölkəmizin beynəlxalq tibbi platformalarda təmsilçiliyinin güclənməsinə, travmatik beyin zədələnmələri sahəsində qabaqcıl bilik və təcrübə mübadiləsinə, eləcə də gələcək əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır