“Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihəyə start verilib
18.07.2025 09:43

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən “Gözəllik salonlarında təhlükəli yoluxucu xəstəliklərin yayılması əleyhinə təlimlər” adlı layihəyə start verilib.

 

Bu barədə Aztibb.az-a İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyindən xəbər verilib.

 

Bildirilib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə gerçəkləşən bu layihə çərçivəsində “Bilgi” Peşə Tədris Mərkəzində “Gözəl ol və sağlam qal!” devizi altında təlim keçirilib. 

 

Tədbiri giriş sözü ilə açan peşə tədris mərkəzinin nümayəndəsi Fidan Cahangirova “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin həyata keçirdiyi maarifləndirmə təşəbbüslərinin önəmini qeyd edib.

 

Daha sonra çıxış edən “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-in sədri, layihə rəhbəri Ziba Nəbiyeva təlimin keçirilməsi üçün yaradılan şəraitə görə tədris mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. O, layihə barədə məlumat verərək bildirib ki, əsas məqsəd gözəllik xidməti göstərilən məkanlarda xroniki virus hepatitləri, İnsan İmmunçatışmazlığı Virusu (İİV) və vərəm kimi təhlükəli infeksion xəstəliklərin yayılması riskini yaradan səbəblər barədə aidiyyəti peşə sahiblərini maarifləndirməkdir.

 

Onun sözlərinə görə, belə məkanlarda İİV və virus hepatitlərinə yoluxma riski adətən steril olmayan alətlərlə dərini və ya selikli qışanı zədələdikdə yarana bilir. Vərəm isə hava-damcı yolu ilə yayılan xəstəlik olduğundan qapalı, yaxşı havalandırılmayan məkanlar, müvafiq baxım prosedurları zamanı qoruyucu vasitələrdən istifadə etməmək yoluxma riskini artırır.

 

"Önləyici profilaktik tədbirlər yeni yoluxmaların qarşısını almaqda mühüm rol oynayır. Belə ki, zamanında verilən bilgilər aidiyyəti peşə sahibləri ilə yanaşı, onların xidmətlərindən bəhrələnəcək yüzlərlə şəxslərin sağlamlığını qorumağa yönələn təşəbbüsdür” – deyə Ziba Nəbiyeva bildirib.

 

Layihə rəhbəri Ziba Nəbiyeva daha sonra elektron təqdimat vasitəsilə xroniki virus hepatitləri və İİV/QİÇS, xəstəliklərin kliniki gedişatı, yoluxma yolları, qorunma qaydaları və profilaktik qabaqlayıcı tədbirlər, eləcə də gözəllik salonlarında dərini zədələyə biləcək manipulyasiya alətlərinin dezinfeksiya və sterilizasiyası, alətlərin mexaniki təmizlənmə qaydaları barədə vacib məqamları diqqətə çatdırıb.

 

Vərəm xəstəliyinin əsas aspektləri barədə təqdimatla tibbi elmlər üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova çıxış edib. O, bu xəstəliyin zamanında aşkarlanıb müalicəyə cəlb olunmasının vacibliyini vurğulayıb. "Vərəm xəstəsinin müalicəsini yarımçıq dayandırması həm xəstənin özünə, həm də ətrafındakılara vurduğu ən böyük zərbədir. Bu, müalicəsi mümkün olmayan vərəm formalarının yaranmasına gətirib çıxarır” – deyə M.Qaraxanova qeyd edib.

 

Hava-damcı yolu ilə ötürülən infeksiyaların profilaktikası məqsədilə gözəllik xidməti göstərilən məkanların mütəmadi havalandırılması, açıq səthlərin dezinfeksiya edilməsi və işçilərin qoruyucu vasitələrdən düzgün istifadə qaydaları barədə məlumatlar təlim iştirakçılarına çatdırılıb. 

 

Sonda verilən məlumatların mənimsənilmə səviyyəsini yoxlamaq üçün sorğu anketləri paylanılıb.
İştirakçılar mövzularla bağlı maarifləndirici bukletlər və kitabçalarla təmin edilib.

 

Profilaktik tədbirlərin əhatə dairəsini genişləndirmək məqsədilə “Bilgi” Peşə Tədris Mərkəzinə xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi, “Əllərinizi yuyun” adlı A3 ölçüdə stikerlər və digər çap materialları təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır