Populyar enerji içkiləri qan xərçənginin inkişafına səbəb ola bilər  
17.07.2025 15:13

Taurin orqanizmdə müxtəlif funksiyalar yerinə yetirir: hüceyrələrdə elektrolit balansını qoruyur, sinir impulslarının ötürülməsinə kömək edərək beynin normal işləməsini təmin edir, qan dövranını yaxşılaşdırır və miokardı möhkəmləndirir. Yaponiyanın Mukoqava Universitetinin alimlərinin araşdırmalarına görə, bu amin turşusu ürəyin işemik xəstəliklərində sağlamlığın yaxşılaşmasına da kömək edir.

 

Sağlam insanlar taurini əsasən qida vasitəsilə qəbul edirlər, amma qida rasionunda kifayət qədər B6 vitamini varsa, orqanizm onu metionin və sistein amin turşularından da sintez edə bilir.

 

Aztibb.az www.sciencealert.com-a istinadla xəbər verir ki, ABŞ-ın Roçester Universitetindən olan alimlər gözlənilməz nəticə əldə ediblər, belə ki, taurin leykozun (qan xərçəngi) inkişafına da səbəb ola bilər. Sağlam sümük iliyi hüceyrələri təbii olaraq taurin istehsal etsə də, xərçəng hüceyrələri bunu bacarmır. Amma onlar orqanizmdən taurini mənimsəyərək onu böyümək və çoxalmaq üçün enerji mənbəyi kimi istifadə edə bilirlər. Bunu siçanlar və insanın xərçəng hüceyrələri üzərində aparılan təcrübələr sübut edib.

 

Xüsusilə, əlavə taurin verilməsi siçanlarda xəstəliyin inkişafını xeyli sürətləndirib, ölüm riski isə nəzarət qrupuna nisbətən təxminən üç dəfə çox olub. “Nature” jurnalında dərc olunan araşdırmada alimlər taurini “miyeloid bədxassəli şişlərin inkişafının əsas tənzimləyicisi” adlandırıblar.

 

Tədqiqatçılar genetik üsullarla xərçəng hüceyrələrinin taurini mənimsəməsini blokladıqda, xəstəliyin inkişafı xeyli yavaşlayıb. Bu, xərçəng hüceyrələrinin həyat qabiliyyətinin iki dəfə azalmasına, siçanların isə nəzarət qrupu ilə müqayisədə 13,5 faiz daha uzun yaşamasına səbəb olub.

 

Bəs amerikalı alimlərin əldə etdiyi yeni məlumatlardan hansı nəticələr çıxır? Birincisi, bu nəticələr onkoloqların leykozun inkişafı ilə bağlı biliklərini xeyli genişləndirir və yeni müalicə üsullarının hazırlanmasına şərait yarada bilər. Tədqiqatçılar üçün isə yeni bir istiqamət açılır: taurinin digər xərçəng növlərinin inkişafındakı rolunu öyrənmək.

 

İkincisi, taurin özü-özlüyündə zərərli deyil. Lakin müəyyən klinik hallarda həyati vacib olduğu istisna edilməklə, enerji içkilərində olan böyük miqdarda taurin zərər verə bilər. Gündə bir neçə banka populyar enerji içkisini taurinlə zəngin qida rasionu ilə birlikdə qəbul etmək təhlükəli ola bilər.

 

Maraqlıdır ki, enerji içkilərində çox miqdarda olan kofein bəzi məlumatlara görə onkoloji xəstəliklərin, o cümlədən süd vəzi, qaraciyər, qida borusu, mədə, mədəaltı vəzi, yoğun bağırsaq, böyrək, sidik kisəsi, prostat və yumurtalıq xərçənglərinin riskini azaldır. Buna, məsələn, italiyalı alimlərin metaanalizi sübutdur. Amma bu nəticə yalnız qəhvəyə aiddir, çünki qəhvənin tərkibi mürəkkəbdir. Orada təkcə kofein deyil, həm də orqanizmə antioksidant və iltihab əleyhinə təsir göstərən polifenollar da var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır