Xərçəngin immunoterapiyasının təsirini gücləndirən bağırsaq mikrobları aşkarlanıb  
20.07.2025 12:45

Yaponiyalı molekulyar bioloqlar, PD-1 reseptorunun blokadasına əsaslanan immunoterapiyanın təsirinin pasiyentin mikroflorasında xüsusi “Hominenteromicrobium” cinsinə aid bakteriya ştammının mövcudluğundan asılı olduğunu müəyyən ediblər. Bu bakteriyaların hüceyrələri immuniteti şişlərlə daha fəal mübarizəyə sövq edir.

 

Aztibb.az-ın www.nature.com-a istinadla məlumatına görə, bu mikrob üzərində aparılan təcrübələr xərçəngin müalicəsində effektivliyi artırmağa kömək edə bilər.

 

“Məlum idi ki, mikroflora xərçəngin immunoterapiyasının effektivliyinə təsir göstərir, lakin bunun mexanizmi indiyədək öyrənilməmişdi. Biz immunoterapiyaya yaxşı cavab verən bir xəstənin bağırsağında əvvəllər məlum olmayan “Hominenteromicrobium” cinsinə aid şiş əleyhinə T-hüceyrələrinin aktivləşməsinə kömək edən bakteriya ştammını aşkar etdik və onun immunitetə təsir mexanizmini izah etdik”, - deyə tədqiqatçılar qeyd edirlər.

 

Bu kəşf Naqoya Universitetinin professoru Hiroesi Nisikavanın rəhbərliyi ilə bir qrup molekulyar bioloqlar tərəfindən aparılıb. Alimlər, ağciyər və mədə xərçəngi diaqnozu ilə immunoterapiya kursu keçən 50-yə yaxın yaponiyalı pasiyenti müşahidə ediblər. Hər iki halda həkimlər immun hüceyrələrinin səthindəki PD-1 reseptorunun fəaliyyətini bloklayan anticisimlərdən istifadə ediblər ki, bu da həmin hüceyrələri şişlərlə daha fəal döyüşməyə vadar edir.

 

Tədqiqat müddətində alimlər pasiyentlərin bağırsaq mikroflorasından nümunələr toplayıb, mikrobların növ müxtəlifliyi və sayının müalicə nəticələrinə və immun hüceyrələrinin davranışına necə təsir etdiyini izləyiblər. Nəticələr göstərib ki, müalicənin uğuru pasiyentlərin bağırsağında əvvəllər məlum olmayan “Hominenteromicrobium” bakteriyalarının sayından ciddi asılıdır.

 

Mexanizmi anlamaq üçün alimlər YB328 adlandırdıqları bu bakteriya ştammını çoxaldıblar və dəri xərçəngi və düz bağırsaq xərçəngi ilə bağlı immunoterapiya alan siçanlar üzərində təcrübə aparıblar. Müşahidələr təsdiqləyib ki, YB328 bakteriyaları həqiqətən də immunoterapiyanın təsirini artırır ki, bu da T-hüceyrələrinin daha aktiv şəkildə şişlərə daxil olması ilə bağlıdır.

 

Bu faydalı təsir, öz növbəsində, YB328 bakteriyasının patogenləri tanıyan xüsusi dendritik hüceyrələri aktivləşdirməsi və onların bağırsaqdan şişə miqrasiya etməsi ilə əlaqələndirilib. Şişdə bu dendritik hüceyrələr T-hüceyrələrinə təsir göstərərək, onları xərçəngi daha fəal şəkildə məhv etməyə sövq edir. Alimlər hesab edirlər ki, bu mikrobun xüsusiyyətindən həm müalicənin nəticəsini proqnozlaşdırmaq, həm də immunoterapiyanın effektivliyini artırmaq üçün istifadə etmək mümkündür.

 

Qeyd edək ki, son illərdə həkimlər xərçənglə mübarizədə immunoterapiya üsullarından aktiv istifadə edirlər. Adətən bu üsulda pasiyentlərin orqanizmindən müəyyən T-hüceyrələri götürülür, xüsusi şəkildə “yenidən proqramlaşdırılır” və beləliklə, həmin hüceyrələr konkret şiş hüceyrələrini hədəf almağa başlayır. PD-1 reseptorunun fəaliyyətini bloklayan immunoterapiya üsulunun işlənib hazırlanmasına görə, 2018-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatı təqdim olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır