Parkinson xəstəliyinin müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
11.04.2025 13:43

Parkinson xəstəliyi beyin neyronlarının zədələnməsi və “ölümü” nəticəsində ortaya çıxan xroniki və proqressiv mərkəzi sinir sisteminin pozulmasıdır. Xəstəlik əsasən beyində dopamin adlı neyrotransmitterin azalması ilə əlaqədardır. Dopamin hərəkətlərin koordinasiyasında mühüm rol oynayan kimyəvi maddədir. Əsas simptom olan hərəkətlərin koordinasiyası problemləri də dopaminin azalmasına, beyinin dopamin istehsal edən hüceyrələrinin zədələnməsinə görə yaranır. Parkinson xəstəliyinin müayinəsi, fizioterapiya müalicəsi, eyni zamanda, yanaşı nevroloji xəstəliklər səbəbindən ağırlaşmalar baş verdiyi halda stasionar terapevtik müalicə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.

 

Aztibb.az xəbər verir ki, bu barədə İcabri Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, xəstəliyin diaqnozu pasiyentin şikayətlərinə əsasən nevroloji müayinələr, laborator analizlər və MRT əsasında dəqiqləşdirilir. Diaqnostika həkim-terapevt, müalicə isə həkim-nevroloq tərəfindən aparılır.

 

Parkinson xəstəliyi hər insanda müxtəlif formada inkişaf edə bilər. Erkən diaqnoz və düzgün müalicə həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Sözügedən xəstəliyin tam müalicəsi olmasa da, simptomları yüngülləşdirmək və nəzarətdə saxlamaq üçün müxtəlif üsullar mövcuddur. Dərman qəbulu ilə müalicəyə başlanılır, ehtiyac yaranarsa fizioterapiyaya, ağırlaşmalar zamanı isə stasionar terapevtik müalicəyə üz tutulur.

Fizioterapiya ilə əzələləri gücləndirmək, tarazlığı və hərəkətlərin koordinasiyasını inkişaf etdirmək mümkün olur.

 

Sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

 

Parkinson daha çox 60 yaşdan yuxarı şəxslərdə, xüsusən kişilərdə rast gəlinir. Əsasən əl və barmaqlarda, çənədə baş verən titrəmə, bədənin müxtəlif nayihələrində gərginlik, gündəlik işlərin icrasında ləngimə, üz mimikalarının azalması, tarazlıq və duruş pozğunluğu, yeriməkdə çətinlik və digər simptomlarla müşahidə olunur. Xəstəliyinin konkret səbəbi çox vaxt məlum olmur. Genetik meyillilik, ailə anamnezi, ətraf mühit - pestisidlər, herbisidlər və ağır metallar kimi toksik maddələrə uzunmüddətli məruz qalma, stres, qəza və ya travma nəticəsində beyinə dəyən zədə kimi amillər xəstəliyin yaranma səbəblərindəndir.

 

Qeyd edək ki, 11 Aprel - Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günüdür. Parkinson xəstəliyi olan şəxslərə sağlam qidalanma, idman, meditasiya və ya digər stres azaldan fəaliyyətlərlə məşğul olmaq tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib