Pediatr Aynur Adıgözəlova: "Temperatur əleyhinə hər yaş qrupunun özünəməxsus dərman preparatları var"
03.06.2024 11:58

Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova uşaqlarda yüksək hərarətin səbəbləri, temperatur əleyhinə preparatlara dair suallarımızı cavablandırıb.

 

Aztibb.az müsahibəni təqdim edir:

 

- Bildiyimiz kimi, uşaqlar xəstələnəndə onlarda tez-tez yüksək hərarət müşahidə olunur. Çox vaxt valideynlər həkimə müraciət etmədən temperaturu dərhal salmağa cəhd göstərir. Aynur xanım, bu nə qədər doğru qərardır?

 

- Termorequlyasiyaya nəzarət beyində yerləşən hipotalamus tərəfindən həyata keçirilir. Normada bədən temperaturu 36 - 37⁰C olmalıdır. Amma gün ərzində hipotalamus dəridə olan reseptorlarla əlaqəyə girərək, soyuq, isti, stress və digər faktorlar termorequlyasiyaya təsir edir.

 

Bilmək vacibdir ki, hərarət homeostazın, yəni orqan və sistemlərin daxili mühitinin sabitliyinin əsas göstəricilərindən biridir və diaqnoz qoymaq üçün spesifik simptom deyil. Temperatur infeksion və qeyri-infeksion amillərin təsirindən yarana bilər. Onu patogen mikrofloraya qarşı orqanizmin cavab reaksiyası kimi də qiymətləndirmək olar. Mikrobların təsiri nəticəsində orqanizmin immun sisteminin fəaliyyətə keçməsi və temperaturun yüksəlməsi baş verir. Bu zaman həmin mikroblara qarşı xüsusi növ hüceyrələr yaranır.

 

Qeyd etmək istərdim ki, ən çox rast gəlinən infeksion mənşəli qızdırmadır. Kəskin respirator virus infeksiyaları, pnevmoniya, bağırsaq infeksiyaları kimi əksər xəstəliklər qızdırma ilə başlayır. Bəzən temperatur reaksiyası ilə əsas xəstəliyin klinik əlamətlərinin meydana gəlməsi arasında bir neçə günlük fasilə keçə bilər. Məsələn, qızılcada 24 saat, pnevmoniyada 6-12 saat, məxmərəkdə 4-5 gün, su çiçəyində 1- 3 gün ara ilə əvvəl qızdırma, sonra digər spesifik əlamətlər yaranır.

 

- Uşaqlarda hərarətin yüksəlməsi zamanı nə etməliyik?

 

- İlk olaraq, uşağın ümumi vəziyyətini, yəni aktivlik dərəcəsini, dəri örtüyünün rəngini və iştahasını dəyərləndirmək lazımdır. Əgər uşaqda baş, boğaz, qulaq və qarın nahiyələrində müşahidə olunan ağrıları, sutkada 5 dəfədən artıq davam edən qusma kimi hallar olarsa, subfebril (37.5⁰C) qızdırmada belə pediatra müraciət etmək tövsiyə olunur.

 

Digər tərəfdən, əgər 3 aydan kiçik uşaqda 38.0⁰C temperatur varsa və temperatur aşağı düşmürsə, yaxud sidik ifrazının azalması və dəri örtüyünün solğunlaşması kimi vəziyyətlər meydana gəlirsə, bu halda da həkim nəzarəti mütləq vacibdir.

 

Məlumdur ki, iki cür temperatur reaksiyası var. Əgər istilikyaranma ilə istilikvermə arasında balans qorunursa, “çəhrayı” qızdırma yaranır. Bu zaman dəri örtüyü isti, nəm, bir qədər hiperemik olması müşahidə olunur. Ümumi vəziyyəti kafi, ürək döyüntüsü və tənəffüsün sayı hərarətə mütənasib olur. Bu növ qızdırma insan həyatı üçün təhlükəli sayılmır.

 

Əgər mərkəzi sinir sisteminin zədələnməsi ilə qızdırma müşahidə olunursa, periferik damarlarda daralma gedir və istilikyaranma və istilikvermə arasında balans pozulursa, “ağ qızdırma” yaranır. Bu zaman dəri avazımış, mərmərşəkilli, ağız ətrafı sianoz, ətrafların soyuq olması halı müşahidə olunur. “Ağ qızdırma” daha təhlükəlidir və dərhal nəzarətə alınmalıdır.

 

- Temperatur reaksiyası hər zaman patologiya kimi qəbul edilməlidirmi?

 

- Yenidoğulmuşlarda termorequlyasiya bir qədər fərqlidir. 2-3 yaşa qədər təkcə termorequlyasiya deyil, bədənin bütün sistemlərində formalaşma baş verir. Bu, keçid dövrü kimi xarakterizə olunur. Bu zaman əlverişsiz mühit asanlıqla temperatur reaksiyası yarada bilir. Bəzən infeksion proses bitdikdən sonra da qızdırma bir müddət davam edir. Yenidoğulmuşlarda, xüsusilə yarımçıq yeni doğulmuşlarda ilk 2-3 ay ərzində yüksək hərarət qeyd oluna bilər.

 

Qeyri-düzgün qulluq zamanı bədənin həddən artıq isidilməsi, bədən çəkisinin və suyun itkisi nəticəsində də temperatur yüksəlir. Bu zaman uşağa bol maye verilməsi onun temperaturunu normallaşdıra bilər.

 

- Hansı hallarda və hansı temperaturu salmaq lazımdır?

 

- Termometrin göstəricisindən asılı olmayaraq, əgər uşaq özünü pis hiss edərsə, uşaqda qazanılan, ya da anadangəlmə hər hansı xroniki xəstəliyi olarsa, keçmişdə uşaqda qıcolma qeyd olunmuşdursa, hərarəti salmaq tövsiyə olunur. Əgər uşaq özünü yaxşı hiss edir və onda heç bir narahatlıq yoxdursa, iştahası normaldırsa və temperaturu 38.0⁰ C yuxarı qalxmırsa, bu zaman qızdırmanı salmağa ehtiyac yoxdur.

 

Bilməyiniz vacibdir ki, temperatur 38.0⁰C-dən yuxarı yüksəldiyi təqdirdə immun sistemi aktivləşir. İmmunitet sistemi tərəfindən orqanizmdə bioloji aktiv maddələrin kütləvi istehsalı 38,5 və ya daha yüksək olduqda başlayır.

 

- Doktor, hər yaş qrupu üçün temperatur əleyhinə preparatlardan məlumat verərdiniz ?

 

- Qeyd edim ki, hər yaş qrupunun özünəməxsus dərman preparatları mövcuddur.

 

Uşaqlara dərman təyinatı hər çəkiyə və yaşa uyğun hesablanır. Bu zaman xəstəliyin gedişatı və əks göstərişləri də nəzərə alınır. Digər tərəfdən, temperatura təsir edən əsas səbəbi aradan qaldırmaq lazımdır. Günvurma, bədənin isinməsi hallarında bədəni normal temperatur mühitinə qaytarmaq, bədəni soyutmaq lazımdır. Xroniki iltihab ocaqları varsa, mütləq sanasiya olunmalıdır. Həmçinin, stomatoloq, LOR və cərrahın konsultasiyası tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib