Akademik İsa Həbibbəyli: "Zərifə xanım Əliyeva dünya təbabət elmində peşə xəstəlikləri ilə bağlı elmi tədqiqatların ilk müəlliflərindəndir"
27.04.2026 17:42

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Rəyasət Heyəti, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və AMEA-nın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə görkəmli alim və ictimai-siyasi xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə həsr edilmiş “Nurlu irs – sağlam gələcək – güclü cəmiyyət” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, AMEA-nın Qadınlar Şurasının və Akademiyanın Qadınlar şuralarının nümayəndələri, xanım əməkdaşlar və aidiyyəti şəxslər iştirak ediblər.

 

Aztibb.az xəbər verir ki, əvvəlcə görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın zəngin həyat və elmi fəaliyyətini əks etdirən sərgiyə baxış olub.

 

Konfransı giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, hər il Zərifə xanımın ildönümlərinin qeyd olunması onun adı ilə bağlı olan, onun tibbə gətirdiyi yenilikləri yenidən elmi, ictimai mühitin diqqət mərkəzinə çəkmək və bu ideyalar əsasında tibb və biologiya elmlərimizi inkişafa təşviq etmək məqsədi daşıyır.

 

Akademik İsa Həbibbəyli qeyd edib ki, akademik Zərifə xanım Əliyevanın tibb elminə gətirdiyi yeniliklər təkcə Azərbaycan təbabətində deyil, keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda da böyük diqqətə səbəb olmuşdur və onun tərəfindən böyük bir istiqamətin əsası qoyulmuşdur. AMEA rəhbəri vurğulayıb ki, akademik Zərifə xanım Əliyeva dünya təbabət elmində peşə xəstəlikləri ilə bağlı elmi tədqiqatların ilk müəlliflərindəndir və onu yüksək səviyyədə təqdim edən görkəmli alimlərdən biridir.

 

“Müxtəlif peşə sahiblərinin, xüsusilə kimya kimi gözə həssas olan peşə sahiblərinin müalicəsi məsələsi, istehsal proseslərində göz xəstəliklərinin baş vermə səbəbləri, gedişatı və müalicəsi keçmiş SSRİ-də elmi problem kimi qoyulmuş və belə bir böyük problem akademik Zərifə xanım Əliyevanın təşəbbüsləri və tədqiqatlarının nəticəsi ilə həll olunmuşdur. Zərifə Əliyeva istehsal proseslərində və kimya müəssisələrində peşə xəstəliklərinin müalicəsini klinikalarda, tibb müəssisələrində yox, məhz istehsalat müəssisələrində yaratdığı laboratoriyalarda müayinə etmiş, diaqnostik cəhətdən qiymətləndirilmiş xassələrini öyrənmiş, müalicə üsullarını müəyyən etmişdir. Bu, Azərbaycan elminə, cəmiyyətinə, xalqına, onun sağlamlığına ən böyük və yüksək xidmətin əməli ifadəsidir. Bununla da Zərifə xanım Əliyeva tibb elminə böyük yeniliklər gətirmiş, yeni istiqamət açmışdır”, - deyə akademik İsa Həbibbəyli bildirib.

 

AMEA rəhbəri diqqətə çatdırıb ki, Zərifə xanım Əliyeva oftalmologiya elminə gətirdiyi inqilabi yeniliklə, istehsal müəssisələrində çalışan insanların göz xəstəliklərinin müalicəsini yerindəcə yüksək səviyyədə təmin etməklə, həmin dövrdə Ulu Öndərin Azərbaycanda apardığı sənayeləşmə siyasətinə, iqtisadiyyatın inkişaf etdirilməsi sahəsindəki hərəkatına bir həkim və ana, qadın kimi öz misilsiz töhfəsini vermişdir.

 

Akademik İsa Həbibbəyli qeyd edib ki, Zərifə xanım Əliyevanın təşəbbüsü ilə traxoma xəstəliklərinin Azərbaycanda kütləvi yayılmasının qarşısının alınması, həkim ekspert briqadalarına rəhbərlik etməsi onun vətənpərvərliyindən, Azərbaycan qadınının zəkası və bacarığından, həkimlik missiyasını yüksək səviyyədə yerinə yetirməsindən irəli gəlir.

 

1979-cu ildə AMEA-nın Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü və rəhbərliyi ilə Görmə orqanının fiziologiyası və peşə patologiyası laboratoriyasının yaradıldığını deyən akademik İsa Həbibbəyli alim tərəfindən peşə xəstəliklərinin tədqiqinin, istehsalat yönümlü diaqnostika və müalicə işinin öyrənilməsinin akademik elm səviyyəsinə qaldırıldığını söyləyib.

 

Zərifə xanım Əliyevanın ictimai fəaliyyətinə də toxunan akademik İsa Həbibbəyli bildirib ki, onun ən böyük şərəfli missiyalarından biri də dünya miqyaslı görkəmli dövlət xadimi Heydər Əliyevə sədaqətli ömür-gün yoldaşı olması, ailə tərəfdən etibarlı dəstəyini təmin etməsi olmuşdur. Akademik İsa Həbibbəyli qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hər zaman Zərifə xanım Əliyevanın ömür-gün yoldaşı kimi zəhmətini, etibarını, sədaqətini, dəyanətini yüksək qiymətləndirmişdir: “Məncə, Zərifə xanım Əliyevanın və Ulu Öndər Heydər Əliyevin Azərbaycan cəmiyyətinə, ölkəmizə cənab Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev kimi dünya liderini bəxş etməsi parlaq şəxsiyyətlərin Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə ən böyük töhfəsi və misilsiz xidmətidir”.

 

AMEA rəhbəri diqqətə çatdırıb ki, Zərifə xanımın oftalmologiyanın inkişafına verdiyi töhfələrə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülməsi və həmin mükafata layiq görülən ilk qadın alim olması onun Azərbaycan tibb elminə qazandırdığı nailiyyətlərdir.

 

“2025-ci ildə ildə Zərifə xanım Əliyevanın biblioqrafiyasını yenidən çap etmişik. Həmçinin alimin həmmüəllifi olduğu “Oftalmologiyanın aktual problemləri” adlı elmi əsəri AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi tərəfindən əlavələrlə birgə ilk dəfə ingilis dilinə tərcümə olunaraq, yeni tərtibatda Akademiyanın “Elm” nəşriyyatında yüksək səviyyədə işıq üzü görüb. Onun elm sahəsindəki xidmətlərini yenidən Azərbaycan cəmiyyətinə tanıtmağa, o ideyaların inkişaf etdirilməsinə bu gün də böyük ehtiyac vardır. Bu gün Zərifə xanım Əliyeva haqqında tədbirlər keçirməklə, bu nəşrləri çap etməklə onun tarixi xidmətləri və xatirəsi qarşısında elmimiz və alimlərimiz öz mənəvi borclarını yerinə yetirirlər. Bu gün də Zərifə Əliyevanın ideyaları yaşayır və onun xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. Zərifə xanım Əliyeva əbədiyyət qazanmış, nurlu, işıqlı insanlara işıq bəxş edən, özü isə işıq seli kimi əbədi günəş saçan bir qadın, ana, ziyalı kimi daim qəlblərdə yaşayır”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

 

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva qeyd edib ki, universal dəyərlərə malik şəxsiyyət olan Zərifə xanım Əliyeva həm Ulu Öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı kimi, həm yetişdirdiyi kamil övladlara, həm də elmi, ictimai fəaliyyətinə görə Azərbaycan xalqının qəlbində zirvələri fəth edib.

 

Gövhər Baxşəliyeva kamil ailə sahibi, həyat yoldaşı, elmdə, təhsildə, bir çox ictimai sahələrdə uğurlar əldə etmiş Zərifə xanım Əliyevanın parlaq şəxsiyyətinin bu gün də cəmiyyətdə yeni nəsil arasında təbliğinə böyük ehtiyac olduğunu söyləyib.

 

Tədbirdə, o cümlədən akademik Zərifə Əliyevaya həsr olunmuş film nümayiş etdirilib.

 

Daha sonra məruzələr dinlənilib. AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova “Elmi və ictimai sahədə qadın liderliyi: tarix və müasir baxış” adlı məruzəsində bildirib ki, konfransın “Nurlu irs – sağlam gələcək – güclü cəmiyyət” adlandırılması heç də təsadüfi deyil və bu ad Zərifə xanım Əliyevanın zəngin elmi irsinin Azərbaycan cəmiyyətinin sağlam inkişafı və dayanıqlı gələcəyinin formalaşmasında mühüm ideoloji baza rolunu oynadığını ifadə edir.

 

“Konfransımızın əsas ideyası ondan ibarətdir ki, güclü cəmiyyət modeli yalnız elmin, humanizmin və ictimai məsuliyyətin vəhdəti əsasında formalaşa bilər. Həmçinin hər üç ideya 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və Bakıda 17-22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının məqsədləri ilə səsləşir. Hesab edirəm ki, konfransda ediləcək çıxışlar tarixin sınağından keçmiş bir həqiqəti – qadın liderliyinin cəmiyyətin tərəqqisindəki həlledici rolunu yenidən dərk etməyə imkan verəcəkdir. Elmdə və ümumən cəmiyyətdə qadınların liderliyi məsələsinə nəzər saldıqda aydın olur ki, tarixdə bu yol heç bir zaman hamar olmamışdır. Çoxsaylı faktlar göstərmək olar ki, qadınların intellekti və mənəvi gücü ailə və sosial mühitlə məhdudlaşmayaraq, özünü bütöv sivilizasiyaların inkişafını, cəmiyyətlərin transformasiyasını müəyyənləşdirən əsas amillərdən biri kimi göstərmişdir”, - deyə İradə Hüseynova vurğulayıb.

 

Qadınların dünyanın elmi, mədəni inkişafındakı bir sıra tarixi faktları diqqətə çatdıran alim qeyd edib ki, akademik Zərifə xanım Əliyeva ölkəmizdə bu xəttin ən parlaq təcəssümlərindən biridir. Onun oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlar, xüsusilə peşə patologiyası, görmə və yaşla bağlı məsələlər, traxoma ilə mübarizə istiqamətlərində əldə etdiyi mühüm nəticələr həm keçmiş Sovetlər Birliyində, həm də beynəlxalq elmi mühitdə yüksək qiymətləndirilib.

İradə Hüseynova bildirib ki, alimin tədqiqatları sanki qaranlıqla işıq arasında körpü salaraq, insan gözünə sadəcə görmə deyil, dərk etmə imkanı da bəxş etmişdir. Zərifə Əliyevanın fəaliyyəti nəticəsində minlərlə insan yenidən rəngləri seçə, günəşin doğuşunu izləyə, təbiətin incə çalarlarını hiss edə bilmişdir. Zərifə xanım mühüm elmi nailiyyətlərə imza atmaq və böyük elmi məktəb yaratmaqla yanaşı, həkim etikası, insan sağlamlığına humanist yanaşma və sosial məsuliyyət anlayışlarını da sistemləşdirərək gələcək nəsillər üçün əxlaqi-etik çərçivə formalaşdırmışdır.

Məruzəçi qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ən yaxın silahdaşlarından biri, müasir Azərbaycanın siyasi və mənəvi simasının formalaşmasını, ölkənin ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək tarixə Müzəffər Ali Baş Komandan kimi düşmüş Prezident İlham Əliyevin anası kimi Zərifə xanım Əliyeva bütün həyatı, elmi, elmi-təşkilati və ictimai-siyasi fəaliyyəti ilə dövlətimizin mənəvi dayaqlarından birinə çevrilmişdir. Müasir dövrümüzdə Zərifə Əliyeva nümunəsi yeni məzmun və miqyas qazanaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında davam etdirilir.

 

“Biz akademik Zərifə Əliyevanın 103-cü ildönümünü qeyd edərkən anlayırıq ki, onun nurlu irsi xalqımızın və dövlətimizin gələcəyinin strateji resursudur. Bu irs elmin humanist mahiyyətini, cəmiyyətin sağlam inkişaf modelini və liderliyin etik əsaslarını özündə birləşdirir. Bütün dünyada belədir: sağlam gələcək və güclü cəmiyyət anlayışları məhz belə şəxsiyyətlərin əsasını qoyduğu fundamental dəyərlər üzərində formalaşır”, - deyə İradə Hüseynova vurğulayıb.

 

Tədbirdə, həmçinin AMEA Qadınlar Şurasının sədri fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “Elmi məktəb və ictimai təsir: davamçılıq fenomeni”, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini tibb elmləri doktoru, dosent Hicran Namazova “Zərifə Əliyevanın elmi irsi və müasir oftalmologiyanın inkişafı”, YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Qadınlar Şurası İdarə heyətinin üzvü, həkim-ictimaiyyətçi Zərifə Quliyeva “Zərifə xanımı anarkən”, akademik Zərifə Əliyeva adına liseyin direktoru Fərqanə İsayevə “Zərifə Əliyeva irsinin təbliği: təhsil və maarifləndirmə strategiyaları”, AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Qadınlar Şurası İdarə heyətinin sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımnaz Kərimova “Zərifə Əliyevanın ədəbiyyat və incəsənətdə bədii obrazı”, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Qadınlar Şurası İdarə heyətinin üzvü filologiya elmləri doktoru Qətibə Quliyeva “Zərifə Əliyevanın elmi əsərlərinin dili” və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Qadınlar Şurası İdarə heyətinin üzvü, elmi işçi Xanımbacı Məlikzadə “Alim obrazının simvolik kodları: Zərifə Əliyeva kontekstində” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Sonda çıxış edən akademik İsa Həbibbəyli tədbir zamanı yeni elmi əhəmiyyətli məruzələrin təqdim edildiyini diqqətə çatdıraraq konfrans materiallarının çap olunacağını bildirib.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
  Şahbuzda tibbi aksiya: 63 sakin müayinə olunub  
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
İcra başçısı Cəlilabad RMX-da müalicə alan şəhid anasını ziyarət edib