AMEA əməkdaşları üçün tibbi müayinə aksiyasına başlanılıb    
27.04.2026 15:51

AMEA-da Akademiyanın Azad Həmkarlar İttifaqının təşəbbüsü, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC) və “Servye Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə “Hədəf 130/80: Gələcəyiniz barədə özünüz qərar verin” layihəsi çərçivəsində tibbi müayinə aksiyası keçirilib.

 

Aztibb.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova AMEA əməkdaşların sağlamlığının qorunmasına yönəlmiş genişmiqyaslı tibbi müayinə aksiyasının əhəmiyyətinə toxunub. Qeyd edib ki, bu kimi sosial layihələrin məqsədi əməkdaşlar arasında sağlam həyat tərzini təşviq etmək və xəstəliklərin vaxtında aşkarlanmasına imkan yaratmaqdır.

 

Sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək sağlam kollektivin elmi fəaliyyətin səmərəliliyində mühüm rol oynadığını vurğulayıb, belə təşəbbüslərin davamlı xarakter daşımasının vacibliyini diqqətə çatdırıb. Akademik AMEA ilə Səhiyyə Nazirliyi arasında birgə tədbirlərin təşkilini yüksək qiymətləndirərək, sosial-tibbi layihələrin genişləndirilməsinin elmi ictimaiyyətin sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

 

Tibb üzrə fəlsəfə doktoru, kardioloq Ülvi Mirzoyev aksiyanın gedişatı və həyata keçirilən tibbi prosedurlar barədə məlumat verib. “Hədəf 130/80” layihəsi çərçivəsində AMEA əməkdaşları üçün icra olunan bugünkü müayinə aksiyasının ürək-damar xəstəliklərindən qorunması və cəmiyyətdə erkən profilaktika mədəniyyətinin gücləndirilməsinə xidmət etdiyini deyib.

 

İSİM-in direktor müavini Qəhrəman Haqverdiyev erkən diaqnostikanın və profilaktik tədbirlərin vacibliyini vurğulayaraq, bu yanaşmanın əhalinin sağlamlıq göstəricilərinin yüksəldilməsində həlledici rol oynadığını diqqətə çatdırıb.

 

Q.Haqverdiyev İSİM-in əsas fəliyyət istiqamətlərindən danışıb. Qeyd edib ki, mərkəz ictimai səhiyyə xidmətlərinin təşkili, müvafiq proqramların, tibbi protokolların hazırlanması və onların tətbiqi sahəsində prioritetlərin müəyyən edilməsini həyata keçirir.

 

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, tibb elmləri doktoru Yasmin Rüstəmova çıxışında arterial hipertenziya ilə mübarizənin həyati əhəmiyyətini vurğulayıb. Ölkə üzrə ürək-damar xəstəliklərinin statistikasının narahatlıq doğurduğunu qeyd edən kardioloq, bu patologiyaların yaranmasına yol açan əsas risk faktorlarına diqqət çəkib.

 

Alim xüsusilə xroniki stress, şəkərli diabet və zərərli vərdişlərin ürək sağlamlığı üçün ciddi təhdid olduğunu bildirib. O, rəhbərlik etdiyi cəmiyyətin əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və profilaktik tədbirlərin genişləndirilməsi istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirdiyini vurğulayıb.

“Servier Azərbaycan” şirkətinin direktoru Rişad Təhməzov layihənin əhəmiyyətinə toxunaraq, belə təşəbbüslərin cəmiyyətin sağlamlıq rifahına mühüm töhfə verdiyini qeyd edib. Bildirilib ki, aksiya çərçivəsində əməkdaşların arterial təzyiqi ölçülür, ürək-damar xəstəlikləri üzrə erkən diaqnostik müayinələr aparılır. Eyni zamanda, iştirakçılara risk faktorlarının qarşısının alınması və sağlam həyat tərzinin mənimsənilməsi istiqamətində fərdi tibbi tövsiyələr təqdim olunur.

 

Tədbirin rəsmi hissəsindən sonra müayinə aksiyasına başlanılıb. AMEA əməkdaşları xüsusi ayrılmış sahədə peşəkar kardioloq və tibb heyəti tərəfindən müayinə olunublar.

 

Aksiya çərçivəsində əməkdaşların arterial təzyiqi ölçülüb, ürək-damar sisteminin vəziyyəti qiymətləndirilib və fərdi tibbi məsləhətlər verilib.

 

Müayinə aksiyasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib. Akademik İsa Həbibbəyli aksiyanın təşkilini yüksək qiymətləndirərək bildirib ki, elmi potensialın qorunması ilk növbədə alimlərimizin və əməkdaşlarımızın sağlamlığından asılıdır. AMEA rəhbəri əməkdaşları bu imkandan aktiv yararlanmağa və sağlamlıqlarına xüsusi diqqət yetirməyə çağırıb. Aksiyanın əhəmiyyətini şəxsi nümunəsində nümayiş etdirən akademik İsa Həbibbəyli tibbi müayinədən keçib.

 

Qeyd edək ki, tibbi müayinə aksiyası üç gün davam edəcək və AMEA əməkdaşları Akademiyanın Əsas binasında yaradılmış şəraitdən istifadə edərək peşəkar həkim briqadası tərəfindən müayinədən keçmək imkanı əldə edəcəklər.

ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
Azərbaycan-Britaniya Peşəkarlar Assosiasiyası və Böyük Britaniya Rəqəmsal Səhiyyə Şurası Londonda tarixi elmi konfransa imza atıb
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
İnfeksion və parazitar xəstəliklər çox vaxt qeyri-spesifik əlamətlərlə başlayır - İnfeksionist Elvira Əliyeva
Böyük Britaniyada yaradılmış ilk Azərbaycan təşkilatı olan AABP
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb
Laçın RMX-da maarifləndirici təlim: “Allergik xəstəliklərin profilaktikası, erkən diaqnostikası, müalicəsi və risk faktorları” 
Səmimiyyəti və peşəkarlığı ilə seçilən həkim  Minirə Baxşəliyeva - “Həkimlərimizi tanıyaq!” rubrikası 
Quba rayonunun Qonaqkənd kəndində səyyar tibbi müayinələr təşkil edilib
 XMTU nümayəndə heyəti ATU-nun klinikalarında olub   
 ATU-da “Uşaqlarda genetik və irsi metabolik xəstəliklər” fənnini tədris edən nevroloq İspaniyada magistraturanı uğurla başa vurub   
“Elektron resept” tətbiqinin istifadə dairəsinin genişləndirilməsi məqsədilə maarifləndirici seminar təşkil olunub