Ürək testləri ən təhlükəli arteriya xəstəliyini qaçıra bilər 
03.07.2025 12:02

“Circulation: Cardiovascular Interventions” jurnalında dərc olunan yeni tədqiqat sol əsas koronar arteriya (LMCA) xəstəliyinin mövcud diaqnostik metodlarla səhvən istisna edilə biləcəyini göstərir.

 

Aztibb.az www.bhf.org.uk-a istinadla xəbər verir ki, tədqiqat nəticələrinə əsasən, LMCA xəstəliyi olan xəstələrin təxminən 28 faizi səhv diaqnostika səbəbilə düzgün müalicədən kənarda qala bilər. Bu vəziyyət isə ciddi ürək tutmalarına, o cümlədən “dul qadın infarktı” kimi tanınan ölümcül nəticələrə səbəb ola bilər.

 

LMCA ürəyin ən böyük və həyati əhəmiyyətli arteriyasıdır və ürək əzələsinin geniş bir hissəsini qanla təmin edir. Onun daralması həyati təhlükə yarada biləcək infarktlara səbəb ola bilər. Hazırda həkimlər bu arteriyanın vəziyyətini qiymətləndirmək üçün biləkdən daxil edilən incə tel vasitəsilə LMCA-nın iki əsas qolundakı (sol ön enən - LAD və sol sirkumfleks - LCx arteriyalar) qan təzyiqi fərqlərinə baxırlar. Klinik təlimatlara əsasən, hər iki qol üzrə qan təzyiqinin 0,8-dən aşağı olması LMCA xəstəliyinin göstəricisi sayılır və bu zaman stend qoyulması və ya baypas əməliyyatı tövsiyə edilir. Lakin yeni tədqiqat göstərir ki, LAD arteriyası LCx-dən daha aşağı qan təzyiqinə sahib ola bilər, bu isə bəzən yanlış diaqnostik nəticəyə səbəb olur. Tədqiqatda iştirak edən 80 nəfərdən 47-də LMCA xəstəliyi diaqnozu qoyulmasına baxmayaraq, onların çoxunda LAD və LCx arasında fərqli qan təzyiqi müşahidə olunub. Nəticədə, yalnız bir qolun 0,8-dən yuxarı nəticə göstərməsi halında, bəzi həkimlər mövcud təlimatlara əsasən LMCA xəstəliyini istisna edə bilər ki, bu da ciddi səhvlərə gətirib çıxara bilər.

 

Tədqiqatın əsas müəlliflərindən olan London Kral Kollecinin professoru Divaka Perera bildirir: “Bu tapıntılar həkimlərə LMCA xəstəliyinin diaqnostikasında ziddiyyətli nəticələri düzgün şərh etməyə kömək edə bilər”. Professor əlavə edir ki, bu vəziyyətdə daha dəqiq diaqnostika üçün arteriyanın içini birbaşa görüntüləyən ultrasəs və ya yaxın infraqırmızı görüntüləmə texnologiyalarının istifadəsi faydalı ola bilər.

 

Tədqiqatçıların fikrincə, düzgün diaqnoz LMCA xəstəliyinə vaxtında və effektiv müdaxilə etməklə böyük infarktların qarşısını almağa imkan verə bilər.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır