Azərbaycanda Plastik Tullantıların İdarəedilməsi Forumu keçirilib    
02.07.2025 13:19

"EcoHub" Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan Nümayəndəliyi və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Bazel Konvensiyası Katibliyinin tərəfdaşlığı ilə Bakıda Plastik Tullantıların İdarəedilməsi Forumu keçirilib.

 

Aztibb.az-ın xəbərinə görə, forumun məqsədi plastik qablaşdırma tullantılarının azaldılması sahəsində innovativ yanaşmaların, sektorlarası əməkdaşlığın və ictimai maarifləndirmə təşəbbüslərinin təşviq edilməsidir. Tədbir çərçivəsində müxtəlif sahələrdə mövcud çağırışlar və dayanıqlı həllər, süni intellekt və yeni texnologiyaların tullantıların idarə edilməsində rolu, eləcə də dövlət qurumları, özəl sektor, media və vətəndaş cəmiyyəti arasında qurulan tərəfdaşlıqlar və maarifləndirmə təşəbbüsləri müzakirə olunub.

 

Tədbirin açılış mərasimində ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova və BMT-nin Ətraf Mühit Proqramının regional əlaqələndiricisi Mahir Əliyev çıxış edərək, plastik qablaşdırma tullantılarının, o cümlədən plastik tullantıların azaldılması, təkrar istifadəsi və ətraf mühitə uyğun şəkildə idarə olunmasının vacibliyindən bəhs ediblər. Çıxışçılar mövcud ekoloji çağırışlar fonunda bu sahədə müasir texnologiyaların tətbiqi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və səmərəli institusional əməkdaşlıq mexanizmlərinin qurulmasının xüsusi prioritet təşkil etdiyini diqqətə çatdırıblar.

 

Daha sonra Forum öz işini panel müzakirələri ilə davam etdirib. Birinci panel "Turizm və qablaşdırma tullantıları - sektorun mövcud çağırışları və dayanıqlı həllər" mövzusunda keçirilib. Panel çərçivəsində turizm və qonaqpərvərlik sektorlarında plastik qablaşdırma tullantılarının yaranma dinamikası, bu sahədə mövcud çətinliklər və tullantıların azaldılması istiqamətində həyata keçirilən effektiv yanaşmalar müzakirə olunub. Paneldə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev, Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdir müavini Günay Bayramova, Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Kommunal xidmətlər şöbəsinin müdiri Natavan Əhmədova, ETSN yanında İctimai Şuranın katibi və "EcoHub" Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Tükəzban Ağababayeva və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyari çıxış ediblər.

 

İkinci panel "Süni intellekt dövründə davamlı tullantı idarəçiliyində innovasiya və texnoloji yanaşmalar" mövzusunda keçirilib. Panel çərçivəsində süni intellekt, rəqəmsal texnologiyalar və innovativ həllərin plastik tullantıların davamlı idarə olunmasındakı rolu müzakirə olunub. Paneldə "Təmiz Şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov, "Sustainera Solutions" şirkətinin icraçı direktoru İlkin Hacıyev, "Smart Waste" şirkətinin icraçı direktoru Süleyman Əliyev və Bakı Mühəndislik Universitetinin Kimya kafedrasının baş müəllimi, "Bioplastik" startapının mentoru Pünhan Camalov çıxış ediblər.

 

Üçüncü panel "Plastiksiz gələcək naminə dairəvi iqtisadiyyatın vacibliyi və sektorlararası tərəfdaşlıqların gücləndirilməsi" mövzusunda keçirilib. Panel çərçivəsində dövlət qurumları, özəl sektor, vətəndaş cəmiyyəti və media nümayəndələri arasında plastik tullantıların azaldılması və dairəvi iqtisadiyyatın təşviqi məqsədilə formalaşdırılmış əməkdaşlıq modelləri və birgə təşəbbüslər müzakirə olunub. Çıxış edən spikerlər ekoloji maarifləndirmə kampaniyaları, ictimai davranışa təsir edən kommunikasiya strategiyaları, təhsil və media vasitəsilə aparılan təşviqat işləri barədə öz təcrübələrini bölüşüblər. Paneldə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova, "Coca-Cola Azərbaycan" şirkətinin PR və Kommunikasiya üzrə supervayzeri Türkan Manaflı, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri Ayaz Mirzəyev, Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov, həmçinin Coğrafiya İnstitutunun böyük elmi işçisi və Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsinin (CASPISNET) koordinatoru Elnur Səfərov çıxış ediblər.

 

Forum plastik tullantılarla mübarizədə strateji tərəfdaşlıqların qurulması, qabaqcıl təcrübələrin paylaşılması və ictimai iştirakçılığın təşviqi baxımından mühüm platforma rolunu oynayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub