Əhliman Əmiraslanov: “Xankəndində səhiyyə işçilərinin peşə bayramını qeyd etmək qürurvericidir” 
18.06.2025 08:29

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Xankəndi şəhərində səhiyyə işçiləri arasında “Sağlamlığa Doğru Qaç!” adlı genişmiqyaslı qaçış yarışının final mərhələsi keçirilib.

 

AHİK-dən Aztibb.az-a verilən xəbərə görə, Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunan layihə ölkəmizin səhiyyə işçiləri arasında sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin artırılması, asudə vaxtın səmərəli təşkili, yeni dostluqların qurulması və həmkarlar arasında birliyin gücləndirilməsini hədəfləyib.Layihə çərçivəsində İttifaqın rayon, şəhər şuraları və ilk təşkilatlarından olan üzvlər qruplaşdırılaraq 8 fərqli şəhər və rayonda keçirilmiş ilkin mərhələlərdə ümumilikdə 160 təşkilat, 1500 nəfərə yaxın səhiyyə işçisi və tibb təhsili alan tələbə iştirak edib. Xankəndi şəhərində keçirilən Final yarışında Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının tabeliyində olan 8 fərqli rayon və şəhərlərdən qalib olan 48 nəfər Xankəndi şəhərində keçiriləcək final yarışında iştirak edib. I, II və III yerlərin qalibləri (kişi və qadın) diplom, medal və müxtəlif hədiyyələrlə təltif olunublar. 

 

Tədbirdə iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək səhiyyə işçilərini Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə təbrik edib.

 

Akademik Əhliman Əmiraslanov bildirib ki, hər il iyunun 17-si xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Azərbaycanın səhiyyə işçiləri bütün dövrlərdə tibbi xidmətin səviyyəsini yaxşılaşdırmağa səy göstəriblər. Əziz Əliyev, Zərifə Əliyeva, Mirməmməd Cavadzadə, Tamerlan Əliyev, Böyükkişi Ağayev, Adilə Namazova, İbrahim Topçubaşov, Cəmil Əliyev kimi tanınmış alimlər Azərbaycan tibb elminə əvəzsiz töhfələr veriblər. Azərbaycan səhiyyəsinin ötən əsrin 70-ci illərindən sonrakı inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, əksər iri tibb müəssisələri məhz Ümummilli Liderin hakimiyyəti dövrlərində inşa edilib. Yalnız paytaxtda deyil, regionlarda da çoxprofilli xəstəxanalar əhalinin istifadəsinə verilib. Müdrik siyasətçinin ölkəmizə rəhbərlik etdiyi illərdə bir çox mütəxəssislər tibb biliklərinin təkmilləşdirilməsi üçün xaricə göndərilir, öz peşə və bacarıqlarını inkişaf etdirib Vətənə qayıdıblar. Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da daima əhalinin sağlamlığının qorunmasına qayğı göstərir. Birinci vitse-prezidentin təşəbbüsü ilə səhiyyənin ən çətin problemlərinin həlli üçün icra edilən proqramlar əhalinin, xüsusən də gənc nəslin sağlamlığının qorunmasında mühüm rol oynayır.

 

"Görülən işlərin uğurlu nəticəsidir ki, bu gün sağlamlıq göstəricilərinə görə ölkəmizin beynəlxalq arenada mövqeyi möhkəmlənməkdədir. Səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilib. Bu gün Vətənimizin dilbər guşəsi olan, 30 il həsrəti ilə yaşadığımız Xankəndimizdə belə gözəl tədbirdə qürurla iştirak edirik. Bu qüruru bizə yaşadan Cənab Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyevə təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə şəfa diləyirik. Xüsusi olaraq qeyd etməliyəm ki, 44 Günlük Vətən müharibəsində 159 hərbi tibb işçisi müxtəlif dərəcəli bədən xəsarəti alıb. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı olmaqla ümumilikdə 44 tibb işçisi qəhrəmancasına şəhid olub. Onların hər birinin əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır”, - deyə komitə sədri qeyd edib.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub  
 Qusarda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib