Azərbaycanda uzunömürlülük fenomeninin tədqiqi uzun tarixə malikdir  
07.06.2025 16:38

Qahirədə Amerika Universitetində Uzunömürlülük üzrə Qlobal Kohort Araşdırmalar Şəbəkəsinin (GSCNS) “Uzunömürlülüyün sirlərini açmaq: sağlam uzunömürlülük” şüarı ilə birinci beynəlxalq konfransı keçirilib. Hibrid formada təşkil olunan beynəlxalq konfransda Azərbaycan, Misir, Gürcüstan, ABŞ və digər ölkələrdən mütəxəssislər iştirak ediblər.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, tədbirə fəxri qonaq qismində dəvət olunan Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov çıxışında konfransın mövzusunun maraqlı və aktual olduğunu qeyd edib. Bildirib ki, konfransda Azərbaycandan böyük nümayəndə heyətinin iştirakı heç də təsadüfi deyil. Uzunömürlülük fenomeni təbii sərvətlərlə zəngin Azərbaycan üçün xarakterikdir və ölkəmizdə bunun üçün münasib şərait mövcuddur.

 

Misirin “Qızıl illər” Fondunun təsisçisi və rəhbəri Dina Hashish rəhbərlik etdiyi qurumun həyata keçirdiyi təşəbbüslərdən və dünyanı qocalmaq üçün daha yaxşı bir yerə çevirmək üçün fəaliyyətlərdən danışıb.

 

Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi regional ofisinin elm, informasiya və yayım üzrə direktoru Araş Raşidianın “Şərqi Aralıq dənizi regionunda təsirli, genişmiqyaslı kohort tədqiqatlarının aparılması üçün milli imkanların artırılması üçün ÜST strategiyaları” mövzusunda çıxışı dinlənilib.

 

Eyni zamanda, tədbirdə uzunömürlülüyü şərtləndirən amillər, eləcə də Azərbaycanda, Misirdə və digər ölkələrdə bu yaş kateqoriyasından olan insanlar üçün dövlət və ictimai təşkilatlar tərəfindən həyata keçirilən proqramlar, qocalmanın demoqrafiyası, neyrodegenerativ xəstəliklər, pəhriz və qidalanmanın uzunömürlülüyə təsiri, uzunömürlülüyün psixoloji və psixiatrik ölçüləri və s. mövzular barədə təqdimatlar edilib.

 

Məhəmməd Ağazadənin Azərbaycanın uzunömürlülər diyarı Lerik barədə təqdimatı maraqla qarşılanıb. Qeyd olunub ki, Azərbaycanda uzunömürlülük fenomeninin tədqiqi uzun tarixə malikdir. Hələ ötən əsrin 70-ci illərində Azərbaycan sakinləri - Mahmud Eyvazov, Şirəli Müslümov, Məcid Ağayev, Xan Xanım və başqalarının arasında uzunömürlülük fenomeninin tədqiqi əsasında bu işin elmi əsasları qoyulub.

 

ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Patoloji anatomiya kafedrası müdirinin tədris işləri üzrə müavini, dosent Müşfiq Orucov, I Mamalıq və ginekologiya kafedrasının professoru Nigar Kamilova və Bioloji kimya kafedrasının nəzdindəki Elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Hafiz Osmanov da konfransda iştirak ediblər.

 

Azərbaycan alimlərindən ATU-nun əməkdaşı, kiçik elmi işçi Hafiz Osmanovun uzunömürlülüyün molekulyar səviyyədə arașdırması, eləcə də Azərbaycan Tibb Universitetinin dosenti Müşfiq Orucovun “Yaşlanma və uzunömürlülüyün patologiyası”, professor Nigar Kamilovanın “Aktiv uzunömürlülüyün sirləri və Azərbaycanın uzunömürlülərindən həyat keyfiyyəti dərsləri” mövzularında məruzələri konfrans iştirakçılarında maraq doğurub.

 

Professor N.Kamilova çıxışında uzunömürlülüyü şərtləndirən amillərdən və qeydə alınan statistikasından, eləcə də bu fenomenin qarşılaşdığı çağırışlardan danışıb. Diqqətə çatdırılıb ki, sürətli urbanizasiya, həyat tərzinin dəyişməsi, ekoloji təhlükələr ənənəvi aktiv uzunömürlülük modeli üçün yeni risklər yaradır.

 

Qeyd edək ki, Müşfiq Orucov, Nigar Kamilova, Hafiz Osmanov, Geologiya və Geofizika İnstitutunun elmi işçisi Fərəh Mahmudova Kohort tədqiqat layihəsinin komitə üzvləri arasında yer alırlar.

 

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu