Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Roma şəhərində işgüzar səfərdə olub
31.05.2025 13:19

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Roma şəhərində rəsmi səfərdə olub.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən xəbər verilib.

 

Səfərin məqsədi səhiyyə sahəsində təcrübə mübadiləsi, tibbi xidmətlərin əlçatanlığının təmin edilməsində yeni texnologiyaların rolu, orqan transplantasiyası sahəsində yeni yanaşmalar, tibb sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, xəstəxana məlumat sistemi, səhiyyə idarəetməsi, diaqnostik xidmətlər və teletibb sahələri üzrə təcrübə ilə tanışlıq və müzakirələr aparmaq olub.

 

Görüşlərdə İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi, Azərbaycan Respublikasının İtaliya Respublikasında Səfirliyinin nümayəndələri də iştirak edib.

 

Səfər çərçivəsində ilk olaraq İtaliyanın Lazio regionunun prezidenti Fransesko Rokkanın iştirakı ilə Lazio regionunun Səhiyyə və Sosial-Səhiyyə İnteqrasiya İdarəsində görüş keçirilib. Cənab Rokko Azərbaycanla bir çox sahələri əhatə edən və strateji tərəfdaşlığa çevrilmiş ikitərəfli səmərəli əlaqələrə diqqəti çəkərək iki ölkə arasında iqtisadi və ticari əməkdaşlığın son illər möhkəmləndiyini qeyd edib.


Vüqar Qurbanov isə öz növbəsində qeyd edib ki, əlaqələrin inkişafında səhiyyə sektoru da əhəmiyyətli rola malikdir.

 

“Bu gün Azərbaycanda tibb müəssisələrində İtaliya istehsalı olan dövlət qeydiyyatından keçmiş əczaçılıq məhsulları, tibbi avadanlıq və cihazlar istifadə olunur. Təcili tibbi yardım parkının yenilənməsi uzun illərdir ki, İtaliya istehsalı olan keyfiyyətli və davamlı avtomobillər hesabına təmin olunur. Avtomobillər tibb müəssisəsinə çatanadək müalicəyə başlamağa, eləcə də pasiyentlərin təhlükəsiz daşınmasına imkan verir”- deyə TƏBİB-in İcraçı direktoru çıxışında qeyd edib.

Görüşdə Səhiyyə və Sosial-Səhiyyə İnteqrasiya İdarəsinin direktoru Andrea Urbani geniş təqdimatla çıxış edib. O, idarənin tabeliyində 6 elmi-tədqiqat və müalicə institutu, 4 universitet, 2 ixtisaslaşmış xəstəxana, 10 yerli səhiyyə müəssisəsi və 1 regional təcili tibbi yardım xidmətinin fəaliyyət göstərdiyini bildirib.

 

Andrea Urbani Lazio bölgəsinin təxminən 6 milyon nəfərə yaxın əhalisi ilə İtaliyanın ən çox əhali məskunlaşan ikinci bölgəsi olduğunu və yerli sakinlərin tibbi xidmətlərlə tam təmin edildiyini vurğulayıb.

 

İtaliya Milli Qan Mərkəzində keçirilən görüşdə İtaliya Milli Qan Mərkəzinin Baş direktoru Vinçenzo De Angelis məlumat verib ki, mərkəz İtaliyada qan, qan komponentləri və qan məhsullarının könüllü, müntəzəm və ödənişsiz donorlar vasitəsilə Avropa qanunvericiliyinə uyğun təmin olunmasını təşviq edir. Bildirilib ki, mərkəz Avropa Qan Alyansının (European Blood Alliance, EBA) üzvüdür və bu qurum vasitəsilə Avropadakı digər qan mərkəzləri ilə əməkdaşlıq edir. İtaliyanın Səhiyyə Nazirliyinin texniki orqanı olaraq, transfuzion fəaliyyətlərin koordinasiyası və elmi-texniki nəzarətini həyata keçirir.

 

Səfərin növbəti günü Umberto I Xəstəxanasının Sümük İliyi Transplantasiyası Mərkəzi ilə tanışlıq olub. Məlumat verilib ki, mərkəzdə həm allogen (qohum və ya qeyri-qohum donorlar vasitəsilə), həm də autolog(xəstənin öz hüceyrələri ilə) sümük iliyi transplantasiyaları həyata keçirilir. Bundan əlavə, göbək ciyəsi qanından əldə olunan hüceyrələrlə də transplantasiyalar aparılır. Mərkəz ildə orta hesabla 30-40 sümük iliyi transplantasiyası həyata keçirir. Bu prosedurlar həm yetkin, həm də pediatrik xəstələr üçün nəzərdə tutulub.

 

Transplantasiyalar, əsasən, leykoz, limfoma, mielomavə talassemiya kimi onko-hematoloji və digər hematoloji xəstəliklərin müalicəsi məqsədilə aparılır. Mərkəz qeyri-qohum donorlarla transplantasiyalar üçün İtaliya Milli Sümük İliyi Donorları Reyestri ilə əməkdaşlıq edir və bu sahədə akkreditasiyası mövcuddur.

 

Azərbaycan Respublikasının Müstəqillik Gününə təsadüf edən səfər çərçivəsində nümayəndə heyəti “Auditorium Concilliazone”-də Azərbaycan Respublikasının İtaliya Respublikasında Səfirliyinin təşkil etdiyi bayram tədbirində iştirak edib.

 

Vüqar Qurbanov Azərbaycan Respublikasının İtaliya Respublikasında səfiri Rəşad Aslanov, eləcə də ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovla görüşüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır