Qaraciyər yağlanması son illərdə gənclər arasında artan ciddi sağlamlıq problemidir
22.05.2025 09:52

Qaraciyər yağlanması (steatoz) son illərdə dünya miqyasında sürətlə yayılan sağlamlıq problemlərindən birinə çevrilib. Bu xəstəlik ilkin mərhələdə hər hansı ciddi simptomlarla özünü büruzə vermədiyi üçün “səssiz təhlükə” adlandırılır. Qaraciyər hüceyrələrində artıq yağ yığılması nəticəsində inkişaf edən steatoz vaxtında aşkarlanmadıqda daha ciddi fəsadlara, o cümlədən qaraciyər fibrozuna, sirrozuna və hətta qaraciyər xərçənginə səbəb ola bilər.

 

Aztibb.az xəbər verir ki, Yeni Klinikanın həkim-terapevti Xəyalə Kərimovanın sözlərinə görə, qaraciyər yağlanması son illərdə gənclər arasında da artan ciddi sağlamlıq problemidir:

 

“Qaraciyər yağlanmasının əsas səbəbləri arasında qeyri-sağlam qidalanma, azhərəkətli həyat tərzi, artıq çəki, şəkərli diabet və alkoqol istifadəsi dayanır. Xüsusilə yağlı və işlənmiş qidalara üstünlük verən, fast-food və qazlı içkilərlə qidalanan şəxslərdə bu xəstəliyin yaranma riski daha yüksəkdir. Bu cür qidalar mədə-bağırsaq traktında çətin həzm olunur və nəticədə yağ mübadiləsinin pozulmasına gətirib çıxarır. Yağ mübadiləsi pozulduqda artıq çəki artımı başlayır və qaraciyər piyləri depolamağa başlayır. Normalda qaraciyərdə əmələ gələn öd turşuları yağların həzmi və mübadiləsi üçün lazımi miqdarda ifraz olunmalıdır.

 

Kliniki Tibbi Mərkəzin qastroenteroloqu Afər Osmanlı isə bildirir ki, xəstəliyin erkən mərhələdə aşkar edilməsi və düzgün idarə olunması ciddi ağırlaşmaların qarşısını ala bilər. Lakin qaraciyər yağlanması ilkin dövrlərdə simptomlar vermədiyi üçün xəstələr bunu çox zaman təsadüfən, ultrasəs müayinəsi və ya qan analizləri zamanı öyrənirlər. Xəstəlik irəlilədikcə isə sağ qabırğaaltı nahiyədə ağırlıq hissi, həzmsizlik, halsızlıq və ümumi zəiflik kimi əlamətlər ortaya çıxa bilər.

 

Mütəxəssislər steatozun qarşısını almaq üçün ilk növbədə qidalanma vərdişlərinin dəyişdirilməsini tövsiyə edirlər. Duzlu, yağlı və yüksək şəkər tərkibli qidalar azaldılmalı, daha çox tərəvəz, meyvə, tam taxıllar, protein və sağlam yağ mənbələri rasiona daxil edilməlidir. Fiziki aktivlik də qaraciyər yağlanmasının qarşısını almaqda mühüm rol oynayır. Gündə ən azı 30-40 dəqiqə fiziki hərəkət etmək, xüsusilə gəzinti, qaçış və üzgüçülüklə məşğul olmaq qaraciyərdə yağ yığılmasının azalmasına kömək edir. Həkimlər qaraciyər sağlamlığını qorumaq üçün siqaret və alkoqoldan uzaq durmağı, gündəlik su balansına diqqət yetirməyi və mütəmadi olaraq tibbi müayinədən keçməyi tövsiyə edirlər. Qaraciyər yağlanması aşkar edildikdə, dərhal mütəxəssisə müraciət etmək və fərdi müalicə planına uyğun olaraq həyat tərzini dəyişdirmək vacibdir. Steatozun fəsadlarının qarşısını almağın ən effektiv yolu profilaktik tədbirlərə əməl etmək və sağlam həyat tərzinə üstünlük verməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib