AQTA sədri ilə Latviyanın kənd təsərrüfatı naziri əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər
15.05.2025 14:49

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş keçirilib.

 

AQTA-dan Aztibb.az-a bildirilib ki, görüşdə iki qurum arasında gələcək əməkdaşlıq imkanlarına, o cümlədən birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb. Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

 

Qeyd edib ki, ölkəmizdə bitki və heyvan sağlamlığının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əsaslı işlər görülür. Bu çərçivədə Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən təsdiq olunan xırdabuynuzlu heyvanların taunu xəstəliyindən, eyni zamanda, yüksək patogenli quş qripi xəstəliyindən azad olma statusu əldə edib.

 

Bildirilib ki, AQTA tərəfindən hazırlanmış yeni “Bitki sağlamlığı haqqında” Qanun layihəsi ölkəmizdə bitki sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi sahəsində atılan mühüm addımlardan biridir.

 

Q.Təhməzli, həmçinin heyvan sağlamlığı sahəsində mövcud qanunvericiliyi beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə beynəlxalq ekspertlərin tövsiyələri də nəzərə alınmaqla, “Heyvan sağlamlığı haqqında” Qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb.

 

Qeyd olunub ki, son illərdə Azərbaycan və Latviya arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması birgə əməkdaşlıq imkanlarını daha da genişləndirib. Latviyanın yüksək riskli məhsul ixrac edən 2 qida obyekti AQTA tərəfindən təsdiq olunub. Agentliyin Kollegiyasının qərarı ilə Latviyanın qida obyektlərinin təsdiq sisteminin ekvivalentliyi tanınıb. Ölkəmizdən bitkiçilik məhsullarının Latviyaya ixracı genişləndirilib, bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq imkanları daha da artıb.

 

Eyni zamanda, Qazax rayonunun Gürcüstanla sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində yaradılan “Qırmızı körpü” qida təhlükəsizliyi nəzarət məntəqəsində Latviyanın qabaqcıl təcrübəsinin öyrənilməsi barədə razılıq əldə edilib. Təcrübə mübadiləsi nəticəsində məntəqədə idxal və ixrac əməliyyatları zamanı aşkarlanan uyğunsuzluqlarla bağlı tədbirlər, prosedurlar və qərar qəbuletmə mexanizmləri daha da optimallaşdırılacaq.

 

Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirib. Vurğulayıb ki, Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. O, bundan sonra da əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

 

Görüşdə Latviyanın Qida Təhlükəsizliyi, Heyvan Sağlamlığı və Ətraf Mühit İnstitutu ilə Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) arasında həyata keçirilən sıx əməkdaşlıqdan məmnunluq ifadə edilib.

 

Görüşdən sonra nümayəndə heyəti AQTİ-nin ixtisaslaşmış laboratoriyaları ilə yaxından tanış olub. Qonaqlara laboratoriyalarda aparılan müayinələr, səriştəlilik sınaqları və digər elmi-tədqiqat fəaliyyətləri barədə ətraflı məlumat verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib