Diş əti xəstəliyi ilə ürək ritm pozuntusu arasında yeni əlaqə aşkar edilib - ARAŞDIRMA
10.05.2025 16:33

 

Xirosima Universitetində aparılan yeni araşdırma ağız boşluğunda rast gəlinən Porphyromonas gingivalis (P. gingivalis) bakteriyasının qan dövranına keçərək ürək toxumasına yerləşə bildiyini və nəticədə ciddi ürək ritm pozuntusu olan atrial fibrilasiyaya (AFib) səbəb ola biləcəyini ortaya qoyub.

 

Aztibb.az xəbər verir ki, araşdırmanın nəticələri “Circulation” jurnalında dərc olunub.

 

Tədqiqatın əsas müəllifi, Xirosima Universitetinin dosenti Şunsuke Miyauçi bildirib ki, pariodontit və AFib arasında səbəb-nəticə əlaqəsi hələ tam sübut olunmasa da, periodontal bakteriyaların qan vasitəsilə yayılması bu iki xəstəlik arasında potensial bağ qurur. Onun sözlərinə görə, P. gingivalis xüsusilə ağız boşluğundan kənarda yüksək dərəcədə patogenlik göstərir və sistemli xəstəliklərlə əlaqələndirilir.

 

Tədqiqat çərçivəsində alimlər bakteriyanın aqressiv W83 ştamından istifadə edərək siçan modeli üzərində təcrübələr aparıblar. Onlar P. gingivalis-i diş pulpasına yeritdikdən sonra infeksiyaya məruz qalan siçanların 18 həftə ərzində AFib riskində nəzarət qrupuna nisbətən altı dəfə artım müşahidə ediblər. Nəzarət qrupunda AFib induksiya dərəcəsi 5 faiz olduğu halda, yoluxmuş siçanlarda bu göstərici 30 faizə yüksəlib. Ürək toxuması üzərində aparılan histoloji analizlər göstərib ki, P. gingivalis bakteriyası sol atriuma daxil olaraq burada çapıq toxumasının (fibroz) yaranmasına səbəb olub. Tədqiqatçılar bakteriyaya aid genetik materialın varlığını təsdiq etmək üçün izotermik gücləndirmə üsulundan istifadə ediblər.

 

Araşdırmanın insan üzərində olan hissəsində isə ürək əməliyyatı keçirən 68 AFib xəstəsinin sol atrium toxuması analiz edilib. Nəticələr göstərib ki, P. gingivalis izlərinə daha çox ağır diş əti xəstəliyi olan şəxslərdə rast gəlinib. Bu, bakteriyanın təkcə heyvan modellərində deyil, insan ürəyində də mövcud ola biləcəyini göstərir. Bundan əlavə, infeksiyaya məruz qalan siçanlarda fibrozun biomarkeri olan galektin-3 və iltihabla əlaqəli Tgfb1 geninin ifadəsində əhəmiyyətli artım qeydə alınıb.

 

Araşdırma ağız gigiyenasının ürək sağlamlığı ilə sıx əlaqəli olduğunu bir daha ortaya qoyur. Gündəlik diş fırçalama, diş sapından istifadə və müntəzəm stomatoloji müayinələr təkcə ağız sağlamlığını deyil, həm də ürək ritm pozuntularından qorunmanı təmin edə bilər. Hazırda tədqiqat qrupu P. gingivalis-in ürək hüceyrələrinə təsir mexanizmlərini araşdırır və Xirosima prefekturasında tibbi-sanitariya modelini inkişaf etdirməyi hədəfləyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır