Professor Gəray Gəraybəyli: "Gənclərimiz bugünkü Azərbaycanın banisini dərindən öyrənməlidirlər"
09.05.2025 14:49

Azərbaycan Tibb Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tədbiri universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq bildirib ki, ölkəmizin hər yerində və ölkəmizdən kənarda Ümummilli Liderin anadan olması günü ilə bağlı tədbirlər təşkil edilir.

 

Rektor vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri danılmazdır: “Tibb Universitetində əvvəllər H.Əliyevin anadan olması, anım günü və digər tarixi hadisələrə həsr olunmuş tədbirlərdə universitetin professor-müəllim heyəti iştirak edərdi. Ancaq keçən ildən qərara gəldik ki, bu tədbirlərin böyük hissəsini tələbələr üçün təşkil edək. Məlumdur ki, professor-müəllim heyəti yaşlı bir nəsildir, bu tarixin müəyyən hissəsini özləri görüb, canlı şahidləri olublar. Ancaq tələbələrimiz, gənclərimiz tarixi hadisələri bizdən öyrənir. Nə qədər kitablar yazılsa, filmlər çəkilsə, məktəblərdə tarix dərsləri keçilsə belə, kifayət deyil. Bu gün sakit, firəvan həyat yaşayan gənclər xalqımızın keçmişdə hansı ağır şəraitlə üzləşdiyindən məlumatlı olmalıdırlar. Bilməlidirlər ki, Azərbaycan heç də həmişə indiki kimi hər sahədə inkişaf etmiş, nüfuzlu bir ölkə kimi tanınmayıb. Dövlətimizin qurulmasında, ölkəmizin hazırki səviyyəyə çatmasında tarixi şəxsiyyət – Ulu Öndər Heydər Əliyevin böyük rolu olub”.

 

Professor G.Gəraybəyli çıxışı zamanı Ümummilli Liderin müasir Azərbaycanın tarixini yazanlardan biri olması, müstəqilliyimizi hansı çətinliklər bahasına qoruyub saxlamasından söhbət açıb: “Ulu Öndər hakimiyyətə gələn zaman elə məqamlar var idi ki, Azərbaycan bir dövlət kimi müstəqilliyini itirə bilərdi. Ancaq o, uzaqgörən siyasəti nəticəsində bütün maneələri aradan qaldırdı və Azərbaycanın günü-gündən inkişaf etməsinin təməlini qoydu. Ölkəmizi parçalamaq istəyən qüvvələrin arzuları puç oldu.

 

Ona görə də istər Tibb Universitetində, istərsə də digər universitetlərdə oxuyan gənclərimiz tariximizin bu şanlı səhifələrini öyrənməli və bilməlidirlər ki, bugünkü Azərbaycanın yaradıcısı var. O, fenomen şəxsiyyət, böyük siyasi lider, sözün əsl mənasında Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevdir. Böyük bir xoşbəxtlikdir ki, onun qoyduğu təməli, ideyaları bu gün layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla həyata keçirir”.

 

Sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat yolundan bəhs edən video-roliki izləyiblər. Burada onun xalqımız, dövlətimiz, müəllimlər, həkimlər və s. barədə ibrətamiz sözləri yer alıb.

 

Daha sonra uzun illər Prezident Heydər Əliyevin köməkçisi olmuş, Prezident Katibliyinin rəisi işləmiş professor Dilarə Seyidzadə çıxış edib. Dilarə xanım Ulu Öndərlə bağlı çoxsaylı xatirələrindən söhbət açıb, onun xalqına, millətinə, dilinə, dininə, mədəniyyətinə necə bağlı olduğunu nümunələrlə dilə gətirib: “Ölkədaxili və xarici səfərlərində həmişə iştirak etmişəm. Regionlarda əhalinin sosial rifahı ilə yaxından maraqlanırdı. Şikayətlərlə tanış olmağı və ona məlumat verməyi mənə tapşırmışdı. Ən yaralı yeri torpaqlarımızın itirilməsi və qaçqınlar problemi idi. Azərbaycanın müxtəlif ölçüdə xəritələrini hazırlatdırmışdı. Xarici səfərləri zamanı görüşlərində bizim haqlı, ermənilərin haqsız olduğunu xəritə üzərində izah edirdi. Ümumiyyətlə dünya liderləri onun zəngin biliyinə və geniş məlumatlılığına heyran qalırdılar. Hətta bəzən elə olurdu ki, onlar öz ölkələri ilə bağlı bilmədikləri hansısa bir məlumatı Ulu Öndərdən eşidirdilər”.

 

Professor D.Seyidzadə belə hallarla bağlı bir neçə misal çəkib. Bildirib ki, Avstriyaya səfər zamanı görüşdə iştirak edənlər və o cümlədən Avstriyanın prezidenti Ulu Öndərin çıxışını heyranlıqla dinləyiblər: “Ulu Öndər söhbəti zamanı Avstriya bəstəkarı İohan Ştrausla bağlı geniş məlumat verdi. Onun haqqında çəkilmiş filmdən, filmdə cərəyan edən hadisələrdən danışdı. Hamı təəccübləndi və Avstriya prezidenti belə bir filmi izləmədiyini dedi.

 

Yaxud Özbəkistana səfəri zamanı bu ölkə ilə bağlı söylədiklərinə mat qalmışdılar. Özbəkistanın Prezidenti İslam Kərimov çıxışı zamanı dedi ki, Azərbaycan xalqı xoşbəxtdir, çünki onun Heydər Əliyev kimi dahi lideri var. Bu cür misalları çox çəkmək olar”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub