Plastik məhsulların tərkibindəki kimyəvi maddələr ürək xəstəlikləri zamanı ölüm riskini artırır   
02.05.2025 14:01

Plastik məhsulların tərkibində geniş şəkildə istifadə edilən kimyəvi maddələrdən biri olan ftalatların ürək xəstəliklərindən ölüm riskini artırdığı müəyyən edilib.

 

Aztibb.az-ın www.washingtonpost.com-a istinadla xəbərinə görə,  “NYU Langone Health”in rəhbərlik etdiyi yeni beynəlxalq tədqiqatın nəticələrinə görə, dietilheksil ftalat (DEHP) adlanan maddəyə məruz qalma yalnız 2018-ci ildə dünyada 356 mindən çox ölüm halı ilə əlaqələndirilə bilər. Bu ölümlər əsasən 55–64 yaş arası kişi və qadınlar arasında qeydə alınıb.

 

Araşdırmanın nəticələri aprelin 29-da “The Lancet eBiomedicine” jurnalında dərc olunub. Tədqiqatçılar DEHP-yə məruz qalmanın ürək-damar sistemində xroniki iltihaba səbəb ola biləcəyini və bu prosesin infarkt və insult riskini artırdığını bildirirlər. Ən çox ölüm Hindistan, Çin və İndoneziya kimi ölkələrdə qeydə alınıb. Təkcə Hindistanda 103 587 ölümün bu kimyəvi maddə ilə əlaqəli olduğu ehtimal edilir.

 

Ftalatlar – xüsusilə də DEHP – plastik məhsulları elastik və davamlı etmək üçün istifadə olunur. Bu maddələr qida qablaşdırmalarında, tibbi avadanlıqlarda, kosmetik vasitələrdə və digər gündəlik tələbat mallarında mövcuddur. Ftalatlar orqanizmdə mikroskopik hissəciklər formasında yığılaraq metabolik və hormonal pozuntulara, eləcə də ürək-damar xəstəliklərinə yol aça bilər. Əvvəlki tədqiqatlar bu maddələri piylənmə, diabet, sonsuzluq və hətta bəzi xərçəng növləri ilə əlaqələndirib. Tədqiqatçılar ftalatlarla əlaqəli ölüm hallarının qlobal ürək-damar ölüm hallarının təqribən 13 faizini təşkil etdiyini qeyd ediblər. Bu hallar təkcə sağlamlıq üçün deyil, həm də iqtisadi baxımdan ciddi nəticələr doğurur: tədqiqatda ftalatlarla əlaqəli ölümlərin qlobal iqtisadi yükünün 510 milyard ABŞ dollarından 3,74 trilyon dollara qədər ola biləcəyi təxmin edilib.

 

“NYU Grossman” Tibb Məktəbinin professoru Leonardo Trasande bildirib ki, sənayeləşmənin sürətlə artdığı və plastik istifadəsinin geniş yayıldığı bölgələrdə ftalatlara qarşı daha sərt qlobal tənzimləmələrə ehtiyac var: “Dünyanın bəzi bölgələri ftalatlardan yaranan ürək-damar riskinin yükünü digər bölgələrdən daha çox daşıyır. Bu, qlobal miqyasda toksik kimyəvi maddələrin istifadəsinin tənzimlənməsinə dair təcili tədbirləri zəruri edir”.

 

Tədqiqat qrupu 200 ölkə və ərazidə aparılmış əhali sorğularının məlumatlarını analiz edib. DEHP təsirini qiymətləndirmək üçün sidik nümunələri vasitəsilə bu maddənin parçalanma məhsullarına baxılıb. Ölüm məlumatları isə Sağlamlıq Metrikləri və Qiymətləndirmə İnstitutunun qlobal bazasından götürülüb. Növbəti mərhələdə tədqiqatçılar ftalatlara məruz qalmanın azaldılmasının ölüm göstəricilərinə uzunmüddətli təsirlərini izləməyi və erkən doğuş kimi digər sağlamlıq nəticələrini də öyrənməyi planlaşdırırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır