Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib
25.04.2025 17:10

Aprelin 25-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.

 

Aztibb.az AZƏRTAC-a istinadla xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov iclasda bir məsələnin - Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəyə çıxarıldığını bildirib.

 

Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qanun layihəsi barədə danışan Əhliman Əmiraslanov sənəddə təklif olunan dəyişiklikləri zəruri edən amillərdən söz açıb, onların əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, dəyişikliklər səhiyyəmizin mühüm sahəsi olan praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin yüksəldilməsi və peşə yararlılığının yoxlanılması işinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

 

Tibb mütəxəssislərinin peşəkarlığının qiymətləndirilməsinin bəzi aktual məsələlərinə toxunan komitə sədri bu sahədə xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması ilə bağlı fikirlərini bölüşüb.

 

Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, beynəlxalq tibb elminin yenilənən inkişafı nəzərə alınmaqla səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən layihədə 4 hüquqi akta ümumilikdə 34 dəyişiklik təklif olunur. Qeyd olunub ki, Əmək Məcəlləsinə, “Özəl tibb fəaliyyəti haqqında”, “Dərman vasitələri haqqında” qanunlara ediləcək dəyişikliklər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərdən qaynaqlanır. Milli Məclisin şöbə müdiri bildirib ki, qanun layihəsi Səhiyyə Nazirliyinin təşəbbüsü ilə hazırlanıb.

 

O, layihə hazırlanarkən öyrənilən dünya təcrübəsindən söz açıb, qanunvericiliyimizdə ilk dəfə təsbit edilən “Davamlı peşəkar inkişaf (DPİ)” anlayışını, DPİ üzrə minimum kredit ballarının toplanılması mexanizmini şərh edib. O, tibb işçilərinin sertifikasiyası prosesi və qaydalarına təklif olunan yenilikləri və əsas müddəaları təqdim edərkən diqqətə çatdırıb ki, layihəyə əsasən, tibb işçilərinə öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etməyə şərait yaradılır. Yəni onların peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ DPİ mexanizmi tətbiq olunacaq. Bu məqsədlə də Qanunun 46-cı maddəsinin 3-cü hissəsi yeni redaksiyada verilir.

 

Bundan başqa, layihədə sertifikasiya prosesinin təkmilləşdirilməsi üçün təklif olunan bir sıra prosedur və terminoloji dəqiqləşdirmələr barədə ətraflı məlumat verən Adil Vəliyev vurğulayıb ki, bu layihənin qəbul edilməsi hər zaman insanların sağlamlığının keşiyində duran həkimlərin və tibb işçilərinin davamlı təhsil yolu ilə inkişaf etmələrinə böyük töhfə olacaq.

 

Qanun layihəsinin müzakirəsində çıxış edən deputatlar təklif olunan dəyişikliklərin ölkəmizdə tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasını təmin edəcəyinə, nəticədə, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə mühüm töhfələr verəcəyinə inamlarını ifadə ediblər. Deputatlar sənəddə əks olunan məsələlərlə bağlı fikirlərini bildiriblər, bəzi qeydlərini səsləndiriblər.

 

Komitə sədri Əhliman Əmiraslanov, Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova qaldırılan məsələlərə aydınlıq gətiriblər.

 

İclasa yekun vuran komitə sədri Əhliman Əmiraslanov layihədə nəzərdə tutulan və mütərəqqi müddəalarla zəngin olan tənzimlənmələrin tibb mütəxəssislərinin peşəkar inkişafını stimullaşdırdığını, onların peşəkarlığının yüksəldilməsinə və beynəlxalq peşəkar mühitə inteqrasiyasına hüquqi zəmin yaratdığını vurğulayıb.

 

Sonda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir