Qlobal tədqiqat ağrı üçün ən effektiv müalicə yanaşmalarını açıqlayır  
26.04.2025 11:41

“The Lancet Neurology” jurnalında dərc edilmiş yeni və genişmiqyaslı beynəlxalq tədqiqat nəticələri nöropatik (sinir zədələnməsi və ya funksiyasının pozulması nəticəsində yaranan ağrılı vəziyyət) ağrı üçün ən effektiv müalicə metodlarını müəyyən edib. Təxminən 50 min yetkin iştirakçını əhatə edən 313 randomizə olunmuş nəzarətli sınaq əsasında aparılan bu sistematik icmal və meta-analiz bu günə qədər həmin sahədə toplanmış ən əhatəli sübut bazasını təqdim edir.

 

Aztibb.az neura.edu.au-ya istinadla xəbər verir ki, tədqiqat “Pain IMPACT” təşəbbüsü çərçivəsində Avstraliyanın NeuRA tədqiqat institutu və Yeni Cənubi Uels Universitetinin Sağlamlıq Elmləri Məktəbində doktorluq tədqiqatçısı olan Michael Ferraro tərəfindən, Beynəlxalq Nöropatik Ağrı Araşdırma Cəmiyyətinin (NeuPSIG) Xüsusi Maraq Qrupu ilə əməkdaşlıqla həyata keçirilib. M.Ferraronun sözlərinə görə, Avstraliyada hər on nəfərdən biri nöropatik ağrı ilə yaşayır. Bu, diabetik periferik neyropatiya, postherpetik nevralgiya və ya kimyaterapiya nəticəsində yaranan sinir ağrıları ola bilər və insanların həyat keyfiyyətinə mənfi təsir göstərərək sosial-iqtisadi yük yaradır.

 

Tədqiqat nəticələrinə əsaslanaraq nöropatik ağrı üçün üç əsas dərman sinfi birinci sıra müalicə kimi tövsiyə olunub:

• Alfa-2 delta liqandları (məsələn, preqabalin, gabapentin),

• Serotonin və norepinefrin geri alış inhibitorları (məsələn, duloksetin),

• Trisiklik antidepresanlar (məsələn, amitriptilin).

 

Bu dərmanların təsirinin nisbətən məhdud olduğu bildirilsə də təhlükəsizlik və dözümlülük səbəbindən diqqətlə seçilmiş xəstələrdə istifadə edilməsinin tövsiyə edildiyi vurğulanıb. Bəzi müalicələr üçün mövcud sübutlar ya qeyri-müəyyən olub, ya da istifadəsinə qarşı tövsiyələr verilib. Buraya seçici serotonin geri alış inhibitorları (məsələn, essitalopram), NMDA reseptor antaqonistləri (məsələn, ketamin) və implantasiya edilmiş onurğa beyni stimulyasiyası daxildir. Qəti şəkildə tövsiyə olunmayan müalicələrdən biri isə kanabis əsaslı məhsullar olub. Tədqiqat bu məhsulların effektiv olmadığını ortaya qoyub.

 

M.Ferraro vurğulayıb ki, nöropatik ağrı fərqli insanlara müxtəlif şəkildə təsir etdiyindən, xəstə ehtiyacları və dəyərlərinə uyğunlaşan fərdi yanaşma vacibdir. Müalicə seçimi effektivlik, təhlükəsizlik, əlçatanlıq, yanaşı xəstəliklər və digər dərman istifadəsi kimi amillərə əsaslanmalıdır. 2007-ci ildən bəri NeuPSIG tərəfindən nəşr olunan bu tövsiyələr 2015-ci ildən sonra ilk dəfə yenilənib və səhiyyə mütəxəssisləri üçün əsas vəsait kimi nəzərdə tutulur. Gələcək araşdırmaların istiqaməti kimi M.Ferraro qeyri-dərman və qeyri-cərrahi müdaxilələrin, xüsusilə də fiziki məşqlərin təsirini qiymətləndirən yüksək keyfiyyətli sübutlara ehtiyac olduğunu bildirib.

 

Bu araşdırma nöropatik ağrının daha effektiv və fərdiləşdirilmiş şəkildə idarə olunması üçün sübuta əsaslanan klinik qərarların qəbuluna mühüm töhfə verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır