Radionuklid terapiya və nüvə təbabətinə həsr olunmuş ilk beynəlxalq elmi simpozium işə başlayıb
11.04.2025 08:48

Bakıda radionuklid terapiya və nüvə təbabətinə həsr olunmuş ilk beynəlxalq elmi tədbir – Radiofarmasevtik Müalicə üzrə Beynəlxalq Simpozium (ISRT 2025) işə başlayıb.

 

Aztibb.az-a Milli Onkologiya Mərkəzindən verilən xəbərə görə, Nüvə Təbabəti Cəmiyyətinin 6-cı Konfransı ilə birgə keçirilən bu simpoziumda onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi sahəsində dünyanın müxtəlif ölkələrindən tanınmış alim və mütəxəssislər iştirak edirlər. Simpozium, radionuklid terapiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilat –Ümumdünya Radiofarmasevtik və Molekulyar Terapiya Assosiasiyası (WARMTH) ilə birgə əməkdaşlıq çərçivəsində keçirilir.

 

Simpoziumun ilk iş günü xarici qonaqlar Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti və Radionuklid Terapiya Mərkəzinə baş çəkib, buradakı şərait və iş prosesi ilə yaxından tanış olublar.

 

Daha sonra Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev simpozium iştirakçıları ilə görüşüb, onlara Mərkəzin keçdiyi inkişaf yolu, fəaliyyət prinsipləri, son illərdə əldə edilmiş uğurlar barədə geniş məlumat verib.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan beynəlxalq simpoziumun açılışında çıxış edən Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini professor Əziz Əliyev ölkəmizdə onkoloji sahəyə göstərilən dövlət dəstəyi barədə məlumat verib.

 

Azərbaycanda xərçəng xəstəliyinin rastgəlmə tezliyinə görə kişilər arasında ağciyər, qadınlar arasında süd vəzi xərçənginin birinci yerdə dayandığını deyən professor fikirlərinə belə davam edib: “Xərçəng xəstəliyi kompleks müalicə tələb edir. Akademik Cəmil Əliyev Azərbaycanda kompleks onkologiya xidmətlərinin faktiki olaraq banisi və möhtəşəm Mərkəzin təsisçisidir. Pasiyentlər bir Mərkəzdə kompleks müayinədən keçirlər”.

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, t.e.d. Rəşad Mahmudov radionuklid terapiya və nüvə təbabətinin müasir dövrdə xərçəng xəstəliyinin diaqnozunun qoyulmasında və müalicəsində aparıcı istiqamətləri özündə ehtiva etdiyini bildirib. Deputatın sözlərinə görə, innovativ və çoxistiqamətli yanaşmanın inkişaf etdirilməsi əsas etibarı ilə pasiyentlərin nəticələrinin dünya səviyyəsində yaxşılaşdırılmasında həkimlərin üzərinə böyük məsuliyyət qoyur. Bu kontekstdə beynəlxalq inkişaf, elmi təcrübə və biliklərin mübadiləsi indiyə kimi daha aktual və əhəmiyyətli olub.

 

“Son illərdə Azərbaycanın səhiyyə sistemində nəzərəçarpacaq transformasiya, əsaslı dönüşlər baş verib. Onkologiya xidmətinin keyfiyyəti yaxşılaşıb, səhiyyə sahəsində çalışan işçi qüvvəsinin potensialı gücləndirilib. Digər tərəqqi isə nüvə təbabəti diaqnostika sahəsində baş verməkdədir. Həmin sahədə reaktiv maddələrdən həm diaqnostika, həm də müalicə məqsədilə istifadə olunmaqdadır. Bu da xərçəngdən əziyyət çəkən pasiyentlərin həyatında böyük dəyişiklik deməkdir”, - deyə R.Mahmudov qeyd edib.

 

Nüvə təbabəti şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov isə ölkəmizdə aparılan radionuklid terapiya və yerli radiofarmasevtik dərman vasitələrinin istehsal imkanları barədə təqdimatla çıxış edib.

 

ISRT 2025 simpoziumu ABŞ, Almaniya, Belçika, Finlandiya, Avstriya, İtaliya, Avstraliya, Misir, Türkiyə və digər ölkələrdən nüfuzlu mütəxəssisləri bir araya gətirərək, radionuklid terapiya sahəsində son yenilikləri müzakirə etməyə imkan yaradır. Tədbirin əsas məqsədi qlobal elmi əməkdaşlığın gücləndirilməsi, innovativ müalicə üsullarının təşviqi və radiofarmasevtik dərmanların klinik tətbiqi üzrə təcrübə mübadiləsidir.

 

Simpoziumun ilk günündə ABŞ Nüvə Təbabəti Cəmiyyətinin (SNMMI) prezidenti Keti Katler, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) nümayəndəsi Diana Paez, WARMTH prezidenti professor Kalevi Kairemo da daxil olmaqla bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Onlar radionuklid terapiya sahəsindəki trendlər, qlobal əməkdaşlıq imkanları və perspektivlərlə bağlı elmi mülahizələrini təqdim ediblər.

 

Tədbir zamanı, həmçinin bədii hissə təqdim olunub.

 

Qeyd edək ki, nüvə təbabətində “teranostika” – yəni radioaktiv maddələrlə eyni anda həm diaqnostika, həm də müalicə – son illərdə dünya üzrə onkoloji xəstələrin həyatında dönüş nöqtəsinə çevrilib. Azərbaycan bu sahədə regionun öncül ölkələrindən biri olaraq 2017-ci ildən etibarən Milli Onkologiya Mərkəzində teranostik müalicələrə start verib və yüksək klinik nəticələr əldə edib. Bu uğurlar bir sıra beynəlxalq nəşrlərdə də işıqlandırılıb.

 

ISRT-2025 kimi tədbirlər həmin uğurlu təcrübələrin paylaşılması, yeni tədqiqatların təşviqi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bakının ev sahibliyi etdiyi bu simpozium region ölkələri ilə əməkdaşlıq üçün yeni imkanlar açır və Azərbaycanın nüvə təbabəti sahəsindəki lider mövqeyini bir daha təsdiqləyir.

 

Beynəlxalq simpozium aprelin 12-dək davam edəcək.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub