ATU-nun Stomatologiya fakültəsində TEC-in 50-ci konfransı təşkil olunub
06.04.2025 10:51

 

Azərbaycan Tibb Universitetinin (ATU) 95 illiyi münasibətilə Stomatologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) növbəti, 50-ci konfransı keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasında kliniki bölmə üzrə keçirilən konfransı açan universitetin Elmi işləri üzrə prorektoru, professor Məlahət Sultan TEC-in konfranslarının tələbələrin gələcək elmi fəaliyyətləri üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. O söyləyib ki, tələbələrin elmi-tədqiqat işi tədris prosesinin ən vacib məsələlərindən biridir. Son illər tələbələrimiz istər ölkədə, istərsə də xaricdə keçirilən elmi konfranslarda və olimpiadalarda mütəmadi iştirak edərək qabiliyyət qazanırlar. TEC-in fəaliyyətinin ildən-ilə daha da yaxşılaşdığını söyləyən prorektor, bu günlərdə aktiv tələbələrimizin Hollandiyada keçiriləcək növbəti beynəlxalq konfransa dəvət aldıqlarını da nəzərə çatdırıb. Toplantı iştirakçılarına ATU-nun rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdıran Məlahət xanım, tələbələri yeni-yeni nailiyyətlərə səsləyib və konfransın işinə uğurlar arzulayıb.

 

Daha sonra konfransda çıxış edən TEC-in elmi rəhbəri, tibb elmləri doktoru Muşviq HəsənovÖzbəkistanın Səmərqənd şəhərində keçirilmiş beynəlxalq tələbə olimpiadasını xatırladıb və qeyd edib ki, ATU-nun ilk dəfə iştirak etdiyi həmin olimpiadanın qalibləri içərisində Stomatologiya fakültəsinin tələbələri də olub. Çıxışında TEC-in fəaliyyət proqramından söhbət açan M.Həsənov bildirib ki, qarşıya qoyulan məsələlərdən biri qabaqcıl ölkələrin tibb mütəxəssisləri ilə təcrübələrin bölüşdürülməsi, universitetlər arasında koordinasiyanın qurulmasıdır ki, bu da tibbin aktual sahələrinə dair elmi araşdırmaların aparılması və onların tibb təhsilinə inteqrasiyasını nəzərdə tutur. Bu istiqamətdə müəyyən addımların atıldığını söyləyən TEC rəhbəri gələcək planlardan danışıb və bu günkü konfransın da uğurlu olacağına əminliyini vurğulayıb.

 

Tələbələrin həyatında TEC-in rolunu yüksək qiymətləndirən ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov bildirib ki, tələbələr arasında elmə maraq getdikcə artmaqdadır və bu tip tədbirlər həmin marağın gücləndirilməsi, gənclərin inkişafı baxımından olduqca faydalıdır. O, ilk addımlarını atan gələcəyin alimlərinə uğurlar arzulayıb.

 

Stomatologiya fakültəsinin dekanı, təşkilat komitəsinin sədri, dosent Elmira Əliyeva da tələbələrin ildən-ilə böyük həvəslə elmi-tədqiqat fəaliyyətinə qatılmalarını müsbət hal kimi dəyərləndirib. Artıq bir ildir tədqiqat işlərinin yerinə yetirilməsi üçün tələbələrə müxtəlif təcrübələr, sorğular və tapşırıqların verildiyini deyən dekan, bütün tədqiqatçı tələbələrə uğurlar arzulayıb.

 

Rəsmi hissədən sonra söz tədqiqatçı tələbələrə verilib. Məruzələrin əksəriyyətinin stomatologiyanın aktual problemlərinə həsr edildiyi kliniki bölmədə 26 çıxış - Ortopedik stomatologiya üzrə 3, Ağız və üz-çənə cərrahiyyəsi üzrə 6, Terapevtik stomatologiya üzrə 5, Qulaq, burun, boğaz xəstəlikləri üzrə 2, Uşaq stomatologiyası üzrə 5, Ortodontiya kafedrası üzrə isə 5 məruzə dinlənilib.

 

Çıxışlardan sonra fakültə TEC-in elmi rəhbəri, dosent Aybəniz Qadaşova məlumat verib ki, bu il məruzəçi tələbələr əvvəlki illərə nisbətən daha hazırlıqlıdır və sərbəst çıxış edərək, kliniki materiallarını əyani surətdə kompüter görüntüləri ilə nümayiş etdiriblər, onlara verilən sualları düzgün cavablandırıblar.

 

Münsiflər heyətinin rəyinə əsasən, məruzəçilərdən Elnur Əhmədov və Nuray Eyubova I, Aydan Zeynalova, Toğrul Qasımov və Kuntar Lamis II, Lalə Cavadlı, Niloufar Danaeiyan və Sara Faraj Vajari III yerləri tutaraq TEC-in 50- ci konfransının xüsusi mükafatına layiq görülüblər. Qalan iştirakçılara isə sertifikatlar və VİP Dental Klinikasının hədiyyələri verilib.

 

İki gün davam edən konfransın xarici dillər bölməsi üzrə iclası isə ATU-nun Xarici dillər kafedrasında baş tutub. Konfransı açan TEC-in kafedra üzrə sədri Elvina Qulamova münsiflər heyətini təqdim edərək, konfransda ingilis, rus və alman dillərində 27 tələbənin çıxış edəcəyini bildirib və sözü məruzəçi tələbələrə verib.

 

Daha sonra tələbələr sərbəst şəkildə məruzə ediblər. Diskussiya şəraitində keçən müzakirələr zamanı münsiflər heyətinin üzvləri qeyd edib ki,son dövrlər TEC-in konfranslarına təqdim edilən məruzələrin əksəriyyəti öz aktuallığı ilə seçilir, təcrübi əhəmiyyət daşıyır. Onların gəldiyi nəticələrə görə, Leyla Kərimli, Fuad Haqverdiyev, Aqşin Quliyev, Sevil Əliyeva, Lamiyə Musayeva, Aylan Macabalitao, Təhminə Musazadə, Məhəmməd Süleymanov, Fatima İmanova və Fatima Əliyeva TEC-in xüsusi diplomuna layiq görülüblər. Qalan iştirakçılara isə konfransın sertifikatı təqdim edilib.

 

Sonda çıxış edən Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva Xarici dillər kafedrasında TEC-in işinin yaxşı təşkilinə görə kafedranın müdiri, f.e.d, professor Zemfira Məmmədova, fakültə TEC-in elmi rəhbəri, dosent Aybəniz Qadaşova və TEC-in kafedra üzrə sədri Elvina Qulamovanın, eləcə də tələbələrə elmi rəhbərlik edən müəllimlərin əməyini yüksək qiymətləndirib. Məruzəçi tələbələrin fəallığını qeyd edən dekan münsiflər heyətinə də minnətdarlığını bildirib.

 

Konfrans tələbələrin mükafatlandırılması mərasimi ilə öz işini yekunlaşdırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır