Həssas qrupdan olan uşaqlar üçün Novruzda tibbi aksiya  
19.03.2025 13:29

Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə mərkəzin avtomobil səyyar klinikası İlaxır çərşənbə günü Mərdəkan qəsəbəsindəki 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsində tibbi aksiya keçiriblər.

 

Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, aksiya çərçivəsində 50-yə yaxın uşaq oftalmoloji müayinəyə cəlb olunub. Uşaqlarda miopik astiqmatizm, allergik konyunktivit və digər göz xəstəlikləri aşkarlanıb. Müayinə zamanı ehtiyacı olan uşaqlara sağlamlığının qorunmasına mühüm töhfə kimi təmənnasız dərman vasitələri verilib. 

 

Aksiya çərçivəsində Novruz Bayramı münasibətilə uşaqlar üçün xüsusi şənlik – bayram süfrəsi və sovqatlar təşkil edilib. Keçəl və Kosa personajlarının iştirakı ilə keçirilən bu şənlik uşaqlara sevinc bəxş edib və bayramın ənənəvi ruhunu yaşadıb. Rəngarəng dekorasiyalar, bayram mahnıları və əyləncəli oyunlarla müşaiyət olunan bu şənlik uşaqlar üçün unudulmaz anlar yaşadıb. Onlar Novruzun əsas atributları olan səməni, boyanmış yumurtalar və şirniyyatlarla bəzədilmiş süfrə ətrafında toplaşaraq bayramın ruhunu hiss ediblər.

 

Bu cür sosial tədbirlər, xüsusilə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasını asanlaşdırır, sosial bacarıqlarını inkişaf etdirir və bayramın sevincini daha yaxından hiss etmələrinə şərait yaradır. Eyni zamanda, onlara diqqət və qayğı göstərildiyini görüb, özlərini dəyərli və cəmiyyət üçün əhəmiyyətli hiss edirlər. Belə tədbirlər onlarda özlərinə inam hissini gücləndirir və xoş xatirələrə çevrilir. Bayramın belə kollektiv şəkildə qeyd edilməsi mərkəzin aksiyada iştirak edən əməkdaşları ilə və uşaqların bir-biri ilə daha yaxından tanış olmasına, dostluq münasibətləri qurmasına, cəmiyyətə inteqrasiyasına və sosial adaptasiyasına töhfə verir.

 

1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinin direktoru Sevinc Məlikova göstərilən tibbi dəstəyə, eyni zamanda, təşkil edilən bayram şənliyinə görə, Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımova və  kollektivinə təşəkkürünü bildirib, gələcəkdə də bu cür aksiyaların davam etdirilməsinin vacibliyini vurğulayıb.

 

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Leyla Əliyeva və Aynur Ağayeva tərəfindən həyata keçirilib. Aksiyada həmçinin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin müdiri Yazgül Abdıyeva, səyyar klinikanın baş həkimi Elçin Həsənov, mühəndis Tural Hüseynov və təşkilat şöbəsinin əməkdaşı Leyla Qurbanova iştirak ediblər.

 

Onu da qeyd edək ki, Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası təkcə paytaxt deyil, regionlarda, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda tibbi aksiyalarını davam etdirir. Bu aksiyalar çərçivəsində ehtiyacı olan insanlar pulsuz müalicə, eynək və dərman vasitələri ilə təmin olunurlar. Məqsəd, regionda yüksək səviyyəli tibbi xidmətin əlçatanlığını təmin etmək və insanların göz sağlamlığını qorumağa dəstək olmaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır