Səhiyyəmizin bilik xəzinəsi sayılan Respublika Dövlət Elmi Tibb Kitabxanasının fəaliyyətə başlamasından 85 il ötür
12.03.2025 13:06

Özünəməxsus yubileyi qeyd edilən Respublika Dövlət Elmi Tibb Kitabxanası tipoloji baxımdan xüsusi elmi məbəddir. Kitabxana Azərbaycan SSR Xalq Komissarları Soveti tərəfindən 1939-cu ilin yanvarında yaradılıb və 1940-cı ilin martında fəaliyyətə başlayıb.

 

Paytaxtın Yasamal rayonunda A.Şərifzadə küçəsində yerləşən, Səhiyyə Nazirliyinə aid olan bu “qocaman” kitabxana səhiyyə orqanlarını, elmi-tədqiqat və müalicə-profilaktika müəssisələrini, eləcə də xalqın sağlamlıq problemləri ilə məşğul olan alim və mütəxəssisləri kitabxana-biblioqrafiya və informasiya xidməti ilə təmin edir. Düz 85 ildir ki, ağxalatlı oxucuların, tibb mütəxəssislərinin xidmətindədir.

 

Kitabxananın ilk direktoru Məryam Səmədova olub. Sonrakı dövrlərdə kitabxanaya Əli Mehdiyev, Raisa Perelman, Sara Mirişova, Tamilla Əliyeva, Aniyə Abuzərova, Rəna Pirverdiyeva rəhbərlik ediblər. Əvvəllər 2 otaqdan ibarət olan kitabxanamız indi 8 şöbəsi olan böyük bir məbəddir. Oxuculara xidmət üçün böyük oxu zalı (48 yer), ona bitişik növbətçi otağı, kiçik oxu zalı (18 yer) var.

 

Tibb kitabxanaları şəbəkələrinə təşkilati-metodik rəhbərlik həyata keçirilir və onların fəaliyyəti əlaqələndirilir. Sahəvi depozitar kitabxana və tibb elminin aktual problemləri üzrə vahid sorğu-məlumat fondlarım var. Bilik məbədində, həmçinin rus, ərəb, fars, ingilis dillərində tibb elminin tarixinə və aktual məsələlərinə dair nəşrlər toplanıb.

 

2013-cü ilin iyun ayından etibarən burada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndələrinin təklifi və dəstəyi ilə “ÜST güşəsi” yaradılıb. Həmin güşədə ÜST-ün bütün çap məhsulları (kitab, broşur, informasiya vərəqələri, jurnal, bülleten və s.), eləcə də elektron resurslar (CD) toplanıb. Bütün materiallar kitabxana qaydası üzrə texniki və elmi işləmədən keçib.

 

Kitabxananın elmi-metodik şöbəsi respublikanın 105 tibbi və elmi müəssisəsinin nəzdində fəaliyyət göstərən tibb kitabxanaları ilə əlaqədə çalışır. Bu sıraya 13 elmi-tədqiqat institutu, 8 tibb məktəbi, taun əleyhinə stansiya və onun 6 şöbəsi, Bakıdakı 5 şəhər kliniki xəstəxanası və nazirliyə aid olmayan Mərkəzi Neftçilər Xəstəxanası, sanatoriyalar, 56 mərkəzi rayon və şəhər xəstəxanası, eləcə də Naxçıvan Muxtar Respublikasındakı analoji obyektlər daxildir. Bundan əlavə, kitabxanalarla zona seminar–treniniq məşğələlər keçirilir.

 

Kitabxanaya alınan yerli, xarici jurnal və qəzetlərin analitik təsvirləri elektron kataloqda verilir. Artıq yeni nəşrlər fondu, Ümumdünya Səhiyyə Təşkilatının nəşrlərindən ibarət kitab fondu elektron kataloqa salınıb. Hər il mütəxəssislər tərəfindən proqram yeniləşdirilir. 

Hazırda elektron kataloqa 21 minədək kitab, 88 adda jurnal və qəzet, 48 mindən çox jurnal məqaləsi –biblioqrafik təsvir, elektron kitabxanaya isə 100 nüsxə kitab daxil edilib. Müxtəlif səpgili kitab sərgiləri oxucular arasında maraq doğurur. Sərgilər yeni daxil olan nəşrlər, respublikamızın görkəmli həkim-alimlərinə həsr edilmiş nəşrlər, müxtəlif əlamətdr hadisələr, aktual tibbi mövzularda ədəbiyyatdan təşkil olunur.

 

Yubiley günlərində Milli Kitabxanada istifadəçilərə təqdim olunan “Respublika Dövlət Elmi Tibb Kitabxanası – 85” adlı sərgi yubilyar elm və bilik xəzinəsi haqqında müfəssəl bilgilər verir. Sərgidə kitabxana işi haqqında rəsmi sənədlər, Azərbaycanda kitabxana işinin tarixi, Dövlət Respublika Elmi Tibb Kitabxanasının fəaliyyəti, nəşrləri, ölkəmizdə tibb elminə və səhiyyə müəssisələrinə kitabxana-informasiya xidmətinin təşkili haqqında kitablar, müstəqillik illərində Respublika Tibb Kitabxanasının fəaliyyəti və informasiyalaşma problemləri, vəzifələri, oxucularla işin spesifik xüsusiyyətləri və s. mövzularda elmi məqalələr nümayiş olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır