ATU-da SABAH qrupları ilə bağlı təqdimat keçirilib  
31.05.2024 11:36

Elm və Təhsil Nazirliyinin nümayəndələri ATU-da SABAH qrupları ilə bağlı bakalavriat səviyyəsində 2024/2025-ci tədris ilinə qəbulla əlaqədar tələbələr üçün infosessiya keçirib.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Tədbiri giriş nitqi ilə açan ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev universitetin hazırkı fəaliyyəti haqda məlumatı və əldə olunmuş nailiyyətləri qonaqların nəzərinə çatdırıb. O bildirib ki, universitet nüfuzuna görə respublikada sayılıb-seçilən elm-tədris mərkəzlərindən biridir: “Artıq neçə illərdi ki, 600-dən yuxarı bal toplayan tələbələrin böyük əksəriyyəti - ildə təxminən 350-450 nəfər bizim universiteti seçir. Hər il Prezident təqaüdçülərinin böyük bir qismi bizim payımıza düşür. Bu gün ATU-nun beynəlxalq akkreditasiya təcrübəsi var. ATU hazırda dünyanın ali tibb təhsili üzrə 100-ə yaxın, qardaş Türkiyənin isə əksər universitetləri ilə səmərəli əməkdaşlıq edir. Tədrisin keyfiyyətinin yüksəldilməsi daim universitet rəhbərliyinin qarşısında duran əsas məsələlərdən biri olub”.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin SABAH qrupları layihəsi İcra Komitəsinin rəhbəri Elza Səmədova çıxış edərək, bu qruplara qəbul proseduru barədə zəruri məlumatları tələbələrin diqqətinə çatdırıb. SABAH qruplarının yaradılmasının əhəmiyyətini açıqlayan komitə rəhbəri əlavə edib ki, tibb təhsili üzrə təqdim olunan bu proqramın Naxçıvan Dövlət Universitetində tətbiq edilməsi məhz bölgələrin inkişafı məqsədilə həyata keçirilir. Ona görə də NDU-da peşəkar tibb kadrlarının hazırlanması, maddi-texniki bazanın gücləndirilməsi, yeni tədris korpusunun tikilməsi, araşdırma tədris kilinikasının fəaliyyətinin təmin olunması qarşıda duran vacib məsələlərdəndir.

 

Elza Səmədova bildirib ki, universitetlərdə SABAH qruplarının fəaliyyəti dünyanın qabaqcıl təcrübəsinin öyrənilməsinə xidmət edir. Bu qruplar elmin müxtəlif sahələrində olduğu kimi, tibbin də müəyyən ixtisası üzrə peşəkar mütəxəssis olmaq istəyən hər bir tələbəyə yeni imkanlar açacaq. Qruplara qəbul olunan tələbə oxuduğu ixtisasın ən yüksək səviyyədə tədrisinin təşkil olunduğu ali təhsil müəssisəsinə köçürüləcək. Həmin qruplara da keyfiyyətli tədris bacarığı ilə seçilən müəllimlər dərs deyəcək. Başqa sözlə, müəyyən ixtisas üzrə ən yaxşı tələbələr və müəllimlər vahid məkana gətiriləcək. SABAH qruplarında təhsil alan tələbələr üçün xüsusi proqram əsasında tədris təşkil ediləcək. Bu zaman ingilis dilinin və əsas fənlərin tədrisinə əhəmiyyətli yer veriləcək. Təhsil müddətində tələbələrin şirkət, müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri və rəsmi şəxslərlə görüşlərinin təşkili də planlaşdırılıb. Bütün bunlar SABAH qruplarında təhsil alan tələbələrin gələcək karyera imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

 

Təqdimatda bildirilib ki, SABAH qruplarının üstünlükləri tələbələrdə böyük maraq doğurub. Burada tələbələrin seçimi xüsusi qaydalar əsasında həyata keçirilir.   Müəllimlərin seçimi zamanı isə onların tədris təcrübəsi, tədris etdiyi fənn üzrə mövcud ədəbiyyatla tanışlığı, müasir tədris metodikası və texnologiyalarından istifadə edib-etməməsi, ümumi dünyagörüşü, xarici dil bilməsi, auditoriyanı diqqət mərkəzində saxlamaq üçün hansı üsullardan istifadə etməsi və s. kimi məsələlərə xüsusi diqqət yetirilir. Ali məktəbdə ödənişli və ya dövlət hesabına oxumasından asılı olmayaraq, SABAH qruplarında təhsil alan tələbələrə xüsusi təqaüd verilir. İmkansız və aztəminatlı tələbələr isə yataqxana və yeməklə təmin olunur. 

 

Qeyd olunub ki, hazırda ölkəmizin 7 ali təhsil müəssisəsində SABAH qrupları fəaliyyət göstərir. 2024/2025-ci tədris ilində Naxçıvan Dövlət, Sumqayıt Dövlət və Qarabağ universitetlərinə də bakalavriat səviyyəsində qəbul elan ediləcək.

 

Diqqətə çatdırılıb ki, SABAH qruplarına tibb ixtisası üzrə qəbul 3 mərhələdə - 50 məntiq və 50 xarici dildən olmaqla 100 sualdan ibarət imtahanlar keçiriləcək. Bu mərhələləri uğurla başa vuranlar sonda müsahibəyə dəvət olunacaq. SABAH qruplarına elektron ərizə qəbulu isə www.sabah.edu.az internet saytı vasitəsilə həyata keçirilir.

 

Təqdimatdan sonra SABAH qruplarının fəaliyyətini özündə əks etdirən tanıtım filmi nümayiş olunub.

 

Sonda Elm və Təhsil Nazirliyinin nümayəndələri tələbələri düşündürən çoxsaylı sualları cavablandırıblar.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim