Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10.05.2024 09:00

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.

 

Aztibb.az xəbər verir ki, Azərbaycanın çoxəsrlik tarixində görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna yeri vardır. Ümummilli lider Azərbaycan xalqının dövlətçilik ənənələrinin əsasında formalaşan və yaşadığı dövrün siyasi-ideoloji çağırışlarını qabaqlayan, böyük dövlətçilik istedadına malik olduğunu əməli fəaliyyəti ilə təsdiq etmiş tarixi şəxsiyyətdir. 

 

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

 

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

 

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

 

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

 

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

 

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.

 

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

 

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

 

Azərbaycanın Ümummilli Lideri, Prezident Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.

 

Prezident İlham Əliyev 2022-ci ilin sentyabrın 29-da "Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" sərəncam imzalayıb. Dövlət başçısının 2022-ci ilin noyabrın 28-də imzaladığı digər sərəncamı ilə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq, ölkəmizdə və xaricə Ulu Öndərin anadan olmasının 100 illiyi əlaqədar müxtəlif tədbirlər keçirilib.

 

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi.

 

Azərbaycan Respublikası cəmi 44 gün ərzində Ermənistanın Qarabağda­kı 30 illik işğalına son qoymuşdur. Bu, müzəffər Ali Baş Komandan İlham Əli­yevin “dəmir yumruğ”unun möcüzəsidir. 

 

Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyi möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təmin edilmişdir. Bu, Azərbay­canın çoxəsrlik tarixinin ən mühüm ha­disəsidir. 

 

Prezident İlham Əliyev 8 noyabr 2023-cü il tarixdə Xankəndi şəhərində hərbi paradı qəbul etmişdir. Bu, dövlət rəhbərimizin əfsanələri reallığa çevirmə­sinin əməli ifadəsidir. 

 

Xalqımız əmindir ki, istənilən ən çətin və mürəkkəb vəziyyətlərdə Prezident İl­ham Əliyev bütün məsələlərin ən doğru həll yolunu tapacaqdır. 

 

Azərbaycan Respublikasının daha parlaq gələcəyinə həm xalqımız və həm də dünya ictimaiyyəti möhkəm surətdə inanır. Dünya birliyində Müstəqil Azər­baycan dövlətinin nüfuzunun və rolunun daha da artacağına da inanmamaq ol­maz. 

 

Bütün bunlar Ulu Öndər Heydər Əliye­vin uzaqgörən siyasətinə və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliye­vin qüdrətinə xalqımızın böyük inamının reallıqlarıdır. 

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Həyat yoldaşına böyrəyini bağışladı
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən Astarada tibbi aksiya keçirilib
Yuxunun kifayət qədər olmaması orqanizmi infeksiyalara qarşı həssas edir - MÜSAHİBƏ
Xroniki xəstəlik nədir?