Artroplastika kursları öz işinə başlayıb
27.01.2024 15:37

Yanvarın 26-da “Baku Marriott Hotel Boulevard”da Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Türk Ortopedi və Travmatoloji Kafedrasının və Kalça-Diz Artroplastika Dərnəyinin (KADAD) birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “22-ci Təməl Artroplastika Kursu”nun açılış mərasimi olub.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Əvvəlcə torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının, Türkiyə Cümhuriyyətinin Dövlət Himnləri səsləndirilib.

 

Tədbirdə çıxış edən ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov kursu Azərbaycan Travmatologiya və Ortopediya Cəmiyyətinin böyük uğurunun bir göstəricisi kimi dəyərləndirib. Prorektor bildirib ki, müasir dövrdə səhiyyənin ən vacib istiqamətlərindən biri də diz-oynaq artroplastikasıdır. Azərbaycanda diz-oynaq əməliyyatları son illərdə 3 dəfədən çox artıb.

 

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin dəstəyi sayəsində son dövrlərdə bu sahəyə xüsusi diqqət göstərilir. Son illərdə ATU-nun Travmatologiya və ortopediya kafedrası və Türkiyənin Kalça-Diz Artroplastika Dərnəyinin müştərək fəaliyyəti öz bəhrəsini verməkdədir.

 

Artroplastika kursunda aktual problemlərə dair maraqlı məruzələrin dinləniləcəyini söyləyən Rauf Bəylərov çıxışının sonunda tədbir iştirakçılarına universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdırıb və konfransın işinə uğurlar arzulayıb.

 

Kursun həmsədri, professor Eldar Abbasov ATU-nun Travmatologiya və ortopediya kafedrasının KADAD ilə əvvəllər də birgə tədbirlər keçirdiyini xatırladaraq vurğulayıb ki, bu günkü kursun əhatə dairəsi daha genişdir. O, diz və böyük oynaqların artroplastikası, süni oynaqlarla əvəz edilmənin daim təkmilləşdiyini diqqətə çatdırıb. Eyni zamanda KADAD-ın ölkəmizdəki xidmətlərindən məmnunluqla söhbət açıb və qardaş Türkiyədə təhsil alaraq artroplastika sahəsində uğurla çalışan ortopedlərimizə tövsiyələrini verib.

 

Tədbirdə Kalça-Diz Artroplastikası Dərnəyinin sədri, kursun həmsədri, professor Emre Toğrul da çıxış edərək bildirib ki, bu kurs xüsusən bud-çanaq və diz oynaqları artroplastikası üzrə təlim almaq istəyən gənc həkimlər və biliklərini yeniləmək istəyən mütəxəssis ortoped-travmatoloqlar üçün təkcə nəzəri biliklər verməklə məhdudlaşmır. Həm də maket sümüklər üzərində praktik tətbiqlərlə onların bilik və bacarıqlarını yeniləmək məqsədi daşıyır. Qeyd olunub ki, kurs iştirakçılarına artroplastika üzrə təcrübəli mütəxəssislərin töhfələri ilə həm dəyirmi masa arxasında, həm də təqdimatlarda praktik və nəzəri müzakirə imkanları yaradılacaq.

 

Açılış mərasiminin sonunda Azərbaycanda ortoped və travmatoloqların yetişməsində böyük xidmətləri olan türkiyəli professorlar İlker Çetin, Emre Toğrul və Rəmzi Tözünə plaketlər təqdim olunub.

 

Məlumat üçün bildirək ki, 100-ə yaxın iştirakçının qeydiyyatdan keçdiyi kursun ilk günü bud-çanaq oynağının artroplastikasına, ikinci günü isə diz artroplastikasına həsr edilib. Kurslarda Türkiyədən və Azərbaycandan olan mütəxəssislərin çıxışları, müxtəlif formatlı təqdimatlar və mühazirələr baş tutacaq, ümumi müzakirələr və praktik məşğələlər keçiriləcək.

 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır