Səhiyyə Nazirliyi və KOBİA-nın təşkilatçılığı ilə tədbir: “Heydər Əliyev və özəl tibb sektoru”
30.11.2023 10:06

Səhiyyə Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və “Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin dəstəyi ilə  “Heydər Əliyev və özəl tibb sektoru” mövzusunda tədbir və “Özəl Tibb Müəssisələri Assosiasiyası” ilə görüş keçirilib.

 

Bu məlumat Aztibb.az-a Səhiyyə Nazirliyindən verilib.

 

Tədbir Azərbaycanda sahibkarlığın inkişafında, o cümlədən özəl tibb biznesinin formalaşmasında müstəsna rolu olan Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev İli” çərçivəsində təşkil olunub.


İlk öncə səhiyyə naziri Teymur Musayev “Bakı KOB evi”nin fəaliyyəti və burada yaradılan şəraitlə tanış olub.

 

Həmçinin “Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin ilk iclası baş tutub.


Müvafiq dövlət qurumlarının nümayəndələrinin, tibb sahəsində fəaliyyət göstərən iş adamlarının iştirakı ilə keçirilən tədbirdə özəl tibb sektorunun mövcud çətinlikləri və onların həlli yolları, gələcək inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, yeni yaradılan “Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.


Tədbirdə giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatının bir çox sahələri kimi, səhiyyənin də inkişaf tarixini yazıb. Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə daim özəl tibb fəaliyyətinə dəstək verib. 1999-cu il dekabrın 30-da qəbul olunan “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu bunun ən bariz nümunəsidir. Onun sözlərinə görə, qanun özəl tibb fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və vəzifələrini, bu fəaliyyətin təşkilati-hüquqi əsaslarını müəyyən edir.

Nazir qeyd edib ki, hazırda Azərbaycanda özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyekti fəaliyyət göstərir və bunlardan 1274-ü ambulator, 110-u stasionar tibbi xidmət təminatçısıdır. Səhiyyə Nazirliyi həm dövlət tibb müəssisələrində, həm də özəl müəssisələrdə çalışan tibb işçilərinin fəaliyyətini dəstəkləyir və yüksək qiymətləndirir.


Prezident İlham Əliyev tərəfindən sahibkarlıq sahəsinə verilən dövlət dəstəyi nəticəsində özəl tibb müəssisələrinin, özəl tibbi praktika ilə məşğul olan subyektlərin sayının artdığını vurğulayan Teymur Musayev bildirib ki, 2022-ci ilin dekabrında qəbul olunan “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu səhiyyə sisteminin iştirakçıları arasında qarşılıqlı səmərəli fəaliyyət üçün geniş imkanlar açır: "Ölkə rəhbərliyi tərəfindən insan kapitalı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində tibb müəssisələri müxtəlif ixtisaslı tibb mütəxəssisləri ilə komplektləşdirilib. Özəl sektora dövlət dəstəyi sahibkarlıq subyektlərinin sayının artmasına səbəb olmaqla yanaşı, bu sahədə nəzarəti də şərtləndirir”.


Nazir özəl tibb müəssisələrini vahid platformada birləşdirərək, fəaliyyətləri ilə bağlı yaranan müxtəlif məsələlərin aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına vaxtında və düzgün çatdırılmasında “Özəl Tibb Müəssisələri Assosiasiyası”nın təsis edilməsini vacib addım kimi qiymətləndirib.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin dövlət-özəl dialoqunun inkişafına dəstəyi, biznes subyektlərinin çətinliklərinin və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq təşkil olunan görüşlər və ictimai müzakirələr, sahibkarlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda - KOB evlərində təqdim edilməsi barədə məlumat verib.


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin tibbi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektləri ilə əməkdaşlığının ildən-ilə genişləndirildiyini vurğulayıb. Onun sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində özəl xəstəxanalarda dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlər göstərilir.

 

Çıxışında ASK-nin prezidenti Məmməd Musayev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda səhiyyə sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində ən mühüm xidmətlərindən biri də özəl səhiyyə sisteminin tətbiqi olub. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev ölkəmizdə səhiyyə sisteminin inkişafına xüsusi diqqət yetirir, eyni zamanda rəqabətə davamlı özəl tibb müəssisələrinin yaradılmasına böyük töhfə verir.

 


TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov isə çıxışında qeyd edib ki, ölkəmizdə səhiyyə sahəsində aparılan genişmiqyaslı islahatlar, eyni zamanda özəl və dövlət tibb müəssisələri arasında sağlam rəqabətin yaranması sayəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksəlib. Bu isə, səhiyyəmizin gələcək inkişafı üçün təkan olub.

 

Daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva da fikirlərini bölüşüb.


“Özəl Tibb Müəssisələri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Günel Əliyeva assosiasiyanın fəaliyyəti barədə məlumat verib: “Assosiasiya tibbi xidmət imkanlarının artırılması və səmərəli təşkili, bu sahədə dayanıqlı iqtisadi inkişafa nail olunması, dövlət və özəl sektorda fəaliyyət göstərən KOB subyektləri arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi məqsədilə yaradılıb”.

 

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli səhiyyəmizin inkişafına göstərdiyi diqqət və qayğıya, bu sahədəki fəaliyyətlərinə həsr olunan “Özəl səhiyyə” filmi nümayiş olunub.

 

Həmçinin Səhiyyə Nazirliyinin, KOBİA-nın və Özəl Tibb Müəssisələri Assosiasiyası İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə sahibkarların suallarının cavablandırıldığı və təkliflərinin dinlənildiyi dəyirmi masalar təşkil olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
“Böyrək xəstəliklərinin diferensial diaqnostikası” adlı kitab işıq üzü görüb
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
YAP Xətai rayon təşkilatının Diaqnoz Tibb Mərkəzində yeni ərazi partiya təşkilatı yaradılıb
Salyanda göz müayinəsi aksiyası təşkil olunub
Psixoloq: Autizm sahəsində peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilməsi mütləqdir - MÜSAHİBƏ
Quba RMX-da ağacəkmə aksiyası: 200-ə yaxın müxtəlif növ dekorativ ağaclar əkilib
Fizioterapevt və reablitoloqların ilk konfransı təşkil olunub
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov