"Hipertoniya ayı" layihəsi çərçivəsində tədbirlər başa çatıb
17.05.2024 14:52

"Hipertoniya ayı" layihəsi çərçivəsində tibb işçiləri üçün seminar və əhalinin tibbi maarifləndirilməsi tədbirləri uğurla başa çatıb.

Bu məlumat Aztibb.az-a TƏBİB-dəb verilib

“İxtisas ayları” proqramının “Hipertoniya ayı” layihəsi çərçivəsində 16 may 2024-cü il tarixində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında Dağlıq Şirvan tibbi ərazi bölməsinə daxil olan tibb müəssisələrinin həkim-mütəxəssisləri üçün hipertoniya xəstəliyi barədə seminar keçirilib.

 

Seminarın açılışında çıxış edən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov bölgələrdə bu istiqamətdə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanası gələcəkdə müxtəlif layihələrin icrasına ev sahibliyi etməyə maraqlı olacaqdır.

 

Daha sonra çıxış edən TƏBİB-in Layihələrin idarəolunması şöbəsinin müdiri Fəqan Həsənzadə “İxtisas ayları” proqramının “Hipertoniya ayı” layihəsi barədə geniş məlumat verib. O qeyd edib ki, proqram çərçivəsində hər ay müxtəlif tibbi ixtisaslara dair layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

 

Seminar paytaxtda yerləşən tibb müəssisələrində fəaliyyət göstərən müxtəlif ixtisaslı həkim-mütəxəssislərin çıxışları ilə davam edib. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-terapevti Rəna Nağıyeva “İlkin səhiyyə xidmətində hipertoniya xəstəliyinin diaqnostikası və sağlam həyat tərzinin təbliği”, Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkim-kardioloqu Nurtac Ağazadə “Hipertoniya xəstəliyinin təsnifatı, müayinə və müalicə alqoritmləri, xəstəliyin profilaktikası”, Yeni Klinikanın həkim-uroloqu, t.ü.f.d. Emil Muxtarov “Böyrək xəstəlikləri və hipertoniya”, Yeni Klinikanın həkim-endokrinoloqu Səbinə Paşayeva “Prediabet və şəkərli diabetin hipertoniya xəstəliyinin inkişafında rolu” mövzularında çıxış edərək bu istiqamətdə bilik və bacarıqlarını auditoriya ilə paylaşıblar. Seminarda səsləndirilən müxtəlif mövzulu məruzələrdən 120-dən çox həkim-mütəxəssis faydalanıb.

 

Sonda layihədə uğurla iştirak edən həkim-mütəxəssislər TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun adından təşəkkürnamələr ilə təltif ediliblər.

 

17 may - Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Gününə həsr edilən “Hipertoniya ayı” layihəsi əhali arasında maarifləndirmə tədbiri ilə davam edib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov açılış nitqi ilə çıxış edib. O, Şamaxı rayonunda səhiyyə sahəsində görülmüş işlər, COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə rayonda fəaliyyət göstərən tibb işçilərinin yüksək peşəkarlığı və gələcəkdə region səhiyyəsi üçün görüləcək işlər barədə məlumat verib.

 

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə həkim-mütəxəssislər tərəfindən hipertoniya xəstəliyi haqqında doğru bilinən yanlışlar, xəstəliyin yarada biləcəyi fəsadlar, onun erkən aşkarlanması yolları və profilaktikası kimi mövzularda vətəndaşlara maarifləndirici məlumatlar təqdim edilib. 150-dan çox vətəndaşın iştirak etdiyi və interaktiv formatda keçirilən tədbirdə mövzu ətrafında onları maraqlandıran suallar cavablandırılıb, zəruri tövsiyələr verilib.

 

Layihəyə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qobustan Rayon Mərkəzi Xəstəxanasında ağacəkmə aksiyası ilə yekun vurulub.

 

Qeyd edək ki, “İxtisas ayları” proqramı çərçivəsində növbəti aylarda da regionlarda müxtəlif tibbi mövzuları əhatə edən layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR