Səhiyyə Nazirliyi tərəfindən psixiatrik xidmətin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür
01.04.2024 17:05
Səhiyyə Nazirliyi tərəfindən respublikada psixiatrik xidmətin yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilməkdədir. “Psixiatriya” ixtisası üzrə rezidentura təhsilinin müddəti 2 ildən 3 ilə artırılmış, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”na yeni “Uşaq və yeniyetmə psixiatriyası” ixtisası əlavə edilmişdir. Nazirlikdə “Müharibə əlilləri, yaralıları və şəhid ailələri ilə iş sektoru və “9109 Çağrı Mərkəzi” yaradılmışdır.
 
Aztibb.az-a Səhiyyə Nazirliyindən verilən xəbərə görə, bu barədə  səhiyyə naziri Teymur Musayev bu gün “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr edilmiş dəyirmi masada çıxışı zamanı məlumat verib.
 
Nazir bildirib ki, tibbi xidmətin əlçatanlığının və keyfiyyətinin artırılması, bu sahədə illərlə formalaşmış stiqmanın aradan götürülməsi məqsədilə artıq bir müddətdir ki, ambulator və stasionar psixiatriya xidməti dövlət tibb müəssisələri ilə yanaşı, özəl tibb müəssisələrində də göstərilir. Həmin müəssisələr həm Bakı şəhərində, həm də regionlarda yerləşir.

 

Onun sözlərinə görə, psixi sağlamlıq üzrə Milli Strategiyanın hazırlanması, psixiatriya xəstəxanalarında müalicə olunan pasiyentlər üçün Müalicə İstehsalat Əmək Emalatxanalarının yaradılması, psixo - sosial reabilitasiya mərkəzlərinin açılması, psixi sağlamlıq sahəsində elmi tədqiqatların aparılması gələcəyə yönəlik planlarımızdır.