Pulmonoloq öskürəyin müalicəsi zamanı buraxılan səhvlərə diqqət çəkib
25.02.2024 16:15

Bəlğəmli öskürək zamanı bəlğəm asanlıqla və ya çətinliklə xaric ola bilər.


Aztibb.az xəbər verir ki, terapevt pulmonoloq Mehdi Gülaliyevin bildirdiyinə görə, birinci halda, ağciyərlər və ya bronxlar bəlğəmdən rahatlıqla təmizlənir. Bu halda təyin edilən dərmanların məqsədi bu işdə ona kömək etmək, sağalma prosesini sürətləndirməkdir. Buna görə də, bu vəziyyətdə ekspektoran (sekretomotor) agentlər kifayətdir.


İkinci halda adətən tənəffüs sistemi yoluxucu infeksiyaya məruz qalır, iltihabi sekresiyanın konsistensiyası zamanla artır, qatılaşması baş vermiş olur və bu da onun ləngiməsinə səbəb olur. Bu halda ağciyərlərin bəlğəmdən təmizlənməsi prosesini stimullaşdıran preparatlar təyin edilməlidir. Sekretolitik dərmanlar bu prosesi stimullaşdırır. Onlar selik istehsalını aktivləşdirir və bəlğəmin xaric olmasını asanlaşdırmaq üçün onu durulaşdırır.


Öskürəyin yatırılması


Bir çox insanlar öskürək refleksini müstəqil bir xəstəlik kimi qəbul edir və onu yatırmağa çalışırlar. Ancaq bilmək vacibdir ki, öskürək, ağciyər və bronxların təmizlənməsini təmin edən orqanizmin təbii müdafiə reaksiyasıdır.


Antitüsivləri (öskürək əleyhinə dərmanlar) qəbul edilməsi, əgər bəlğəm varsa yolverilməzdir. Çünki onun xaric olmasına mane olacaq, ağciyərlərdə və bronxlarda yığılmasına, xəstəliyin ağırlaşmasına səbəb olacaqdır. Bu halda bəlğəmgətiricilər və ya sekretolitiklər qəbul edilməlidir.


Antitüsiv dərmanlar yalnız quru öskürək üçün icazə verilir. Onları təyin etmək üçün öskürək refleksinin ürək-damar, endokrin və ya nevroloji xəstəliklərdən qaynaqlandığına əmin olmaq vacibdir.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları