Naxçıvan Muxtar Respublikasının və Naxçıvan Səhiyyə Nazirliyinin 100 illiyinə həsr olunan aksiya: “100 il yaşa” 
15.01.2024 12:23
Naxçıvan Muxtar Respublikasının və Naxçıvan MR Səhiyyə Nazirliyinin 100-cü ildönümündə keyfiyyətli tibbi xidmətə əlçatanlığın təmin olunması və ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi məqsədilə muxtar respublika ərazisində “100 il yaşa” adlı kütləvi-profilaktik tibbi müayinə aksiyası təşkil edilib.
 
Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, bu məqsədlə tərkibi terapevt, kardioloq, nevroloq, ginekoloq, pediatr, laborant, tibb bacısı və qrup rəhbəri olmaqla hər biri 8 nəfərdən ibarət 23 həkim qrupları tərəfindən yanvar ayının 15-dən başlayaraq 15 gün müddətində muxtar respublikanın bütün bölgələrində vətəndaşların ümumi qan analizləri, USM və EKQ müayinələri də daxil olmaqla kütləvi müayinələr aparılacaq.
 
Müayinələrlə yanaşı qrup rəhbərləri tərəfindən vətəndaş müraciətləri qeydə alınacaq. Aksiyaya 184 səhiyyə işçisi və 16 ambulans cəlb edilib.
 
Aksiyada kütləviliyi təmin etmək məqsədilə rayonlarda kənd icra nümayəndələri ilə əməkdaşlıq edilir. Tibbi aksiya müddətində nazirliyin sosial media hesablarında qrupların gündəlik lokasiyası haqqında anons və günün sonunda statistik hesabat yayımlanacaq.