AMEA-nın müxbir üzvü Nuru Bayramovun 60 yaşı tamam olur
17.09.2023 11:33

Bu gün tibb elmləri üzrə tanınmış alim, cərrah, transplantoloq, hepatoloq, Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovun 60 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, Nuru Yusif oğlu Bayramov 17 sentyabr 1963-cü ildə Ermənistan SSR-in (Qərbi Azərbaycan) Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. O, orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1980-ci ildə N.Nərimanov adına Azərbəycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika fakültəsinə daxil olub, 1986-cı ildə oranı “Lenin adına təqaüdçü” və “Cərrahiyə” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

 

Nuru Bayramov 1986-1988-ci illərdə həmin institutda “Cərrahiyyə” ixtisası üzrə kliniki ordinatora keçib. I Moskva Tibb Akademiyasının Ümumi cərrahiyyə kafedrasının aspiranturasında təhsil alıb. 1991-ci ildə aspiranturanı vaxtından əvvəl bitirərək “Tədqiqatçı həkim” ixtisasına yiyələnib.

 

O, 1991-ci ildə Moskva Tibb Akademiyasında “Xroniki osteomielitlərin kompleks müalicəsində kombinəolunmuş lazerlərin tədbiqi” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi və 1999-cu ildə “Qaraciyər rezeksiyalarından sonrakı ağırlaşmaların proqnozlaşdırılması və profilaktikası’’ mövzusunda dissertasiyasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcələrini, 2004-cü ildə professor elmi adını alıb. Elmi və elmi-pedaqoji fəaliyyətində əldə etdiyi mühüm nailiyyətlər nəzərə alınaraq 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

 

Nuru Bayramov 1991-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasında assistent, dosent və professor vəzifələrində çalışıb. 2012-ci ildən həmin kafedranın müdiridir.

 

Alim 1994-1999-cu illərdə Türkiyə Respublikasında Yüksək İxtisas Xəstəxanası, Başkent, Ankara, Yüzüncü Yıl və Kırıkkale universitetləri klinika­larında, Gülhane Hərbi Tibb Akademiyasında laparoskopik cərrahiyyə, orqan köçürülməsi, qaraciyər cərrahiyyəsi, onkoloji cərrahiyyə və mikrocərrahiyyə, 2010-cu ildə Malatya İnönü Universitetində qaraciyər transplantasiyası üzrə ixtisaslaşma keçib, elmi və praktik işlər aparıb.

 

1996-1998-ci illərdə Türkiyənin Yüzüncü Yıl və Kırıkkale universitetlərinin Ümumi cərrahiyyə kafedralarında dosent-doktor kimi kafedra müdiri vəzifəsində işləmiş, kafedraların qurulmasında, Laparoskopik cərrahiyyənin, qaraciyər cərrahiyyəsinin təşkil edilməsində  iştirak etmişdir.

 

2019-cu ildə Ginnesin rekordlar kitabına düşən qaraciyər transplantasiyası əməliyyatının iştirak­çısı olub.

 

Professor Nuru Bayramov lazerlərin cərrahiyyədə tətbiqi, təcili və hərbi səhra cərrahiyyəsi üzrə tədqiqat işləri aparıb. Alimin əsas elmi istiqamətini qaraciyər cərrahiyyəsi və orqan transplantasiyası, laparoskopik cərrahiyyə, bariatrik-metabolik cərrahiyyə, eləcə də kök hüceyrələri, genetik biomar­kerlər, elastoqrafiya üzrə aparılan tədqiqatlar təşkil edir.

 

Nuru Bayramovun tədqiqatlarının nəticələri 450-dən çox elmi əsərdə, o cümlədən185 məqalədə, 40 kitabda, 14 metodik tövsiyədə, 11 ixtira və səmərələşdirici təklifdə öz əksini tapıb, 252 beynəlxalq konqres, konfrans və simpoziumlarda məruzə edib.

 

Alimin elmi rəhbərliyi ilə 8 fəlsəfə doktoru hazırlanıb.

 

O, Qarabağ müharibəsində və Xocalı soyqırımında yaralıların müalicəsində, Bakıdakı Mərkəzi Klinik Xəstəxananın və Mərkəzi Gömrük Hospitalının, ATU Tədris Cərrahiyyə Klinikasının təşkilində və kadr hazırlı­ğında fəal iştirak etməklə yanaşı, ümumi və laparoskopik cərrahiyyə, orqan transplantasiyası şöbələrinin yaradılmasına başçılıq etmişdir. Hazırda ATU-da cərrahiyyə üzrə mütəxəssis hazırlığında, həmçinin rezidentura proqramının və tədrisinin təşkilində fəaliyyət göstərir.

 

2015-2016-cı illərdə ATU Cərrahi Klinikasının direktor əvəzi vəzifəsində işləyib. Həmçinin 2016-2019-cu illərdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini olmuşdur və hazırda bölmənin Elmi şurasının sədrinin müavi­nidir.

 

2014-2021-ci illərdə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Tibb üzrə Əlaqələndirmə Şurasının sədri, 2013-2019-cü illlərdə ATU-nun Cərrahiyyə üzrə Problem Komissiyasının sədri, 2006-2014-cü illərdə D.03.011 Dissertasiya Şurasının üzvü olub, 2006-cı ildən I müalicə-profilaktika fakültəsinin və ATU-nun Elmi şurasının üzvüdür.

 

Alim bir çox beynəlxalq cəmiyyətlərin, o cümlədən Avropa Hepatoloqlar Cəmiyyəti (EASL), Avropa Endoskopik Cərrahiyyə Cəmiyyəti (EAES), Avropa Transplantasiya Cəmiyyəti (ESOT), Beynəlxalq Qaraciyər Transplantasiyası Cəmiyyəti (ILTS), Beynəlxalq Transplantasiya Cəmiyyəti (TTS), Beynəlxalq Qastroenteroloqlar və Onkoloji Cərrahlar Cəmiyyəti (IASGO), Beynəlxalq Piylənmə Cərrahiyyəsi Federasiyası (IFSO), Avropa Transluminal Cərrahiyyə Cəmiyyəti (EATS), Klinik Robotik Cərrahlar Cəmiyyəti (CRSA) və Türkiyə Qastroenteroloqlar Cəmiyyətinin üzvüdür.

 

Professor Nuru Bayramov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin də üzvüdür.

 

O, müharibə veteranıdır, 1994-cü ildə Tərtərdə Hərbi Səhra Hospitalında cərrah kimi xidmət göstərmişdir. 2020-ci ildə Vətən müahraibəsi dövründə ATU TCK, Mərkəzi DTX və Mərkəzi Gömrük hospitallarında yaralılara cərrahi yardımın təşkilində aktiv fəaliyyət göstərmişdir.

 

AMEA-nın müxbir üzvü Nuru Bayramov 2010-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri fərmanı, 2022-ci ildə Azərbaycan Gömrük Komitəsinin 30 illik yubiley medalı ilə təltif edilmişdir. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Tanınmış alimi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi-təşkilati fəaliyyətində uğurlar arzulayırıq.

ÇOX OXUNANLAR
Mərkəzi Klinika Gəncə Xəstəxanasında 1 yaşlı uşaq üzərində qasıq yırtığının ləğvi əməliyyatı icra olunub
Bakı Sağlamlıq Mərkəzinin həkimi uzun sürən xəstəlikdən sonra vəfat edib
Əməkdar həkim Cəlil Nəzərov uzun sürən xəstəlikdən sonra vəfat edib  
Diaqnoz Tibb Mərkəzində MRT və KT müayinələri icbari tibbi sığorta ilə də icra olunur
“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransı keçiriləcək
Bir sıra regionlarda təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifəsinə işçi axtarılır - Vakansiya
Bəşəriyyət sürətlə əqli geriləmə yaşayır - Elm adamları izah etdi
 Ağstafa Rayon Mərkəzi Xəstəxanasında yeni kadr TƏYİNATI   
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası əməkdaşlarının iştirakı ilə iməcilik keçirilib
Səhiyyə işçiləri arasında “Sağlamlığa Doğru Qaç!” adlı layihəyə start verilib
TƏBİB-in nümayəndə heyətinin Avstriya Respublikasına işgüzar səfəri baş tutub
Zaqatala RMX-nın əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
Qazax Rayon Mərkəzi Xəstəxanasının cərrahı Araz Babayev - Həkimlərimizi tanıyaq!
Qazax RMX-nın Cərrahiyyə şöbəsinə yeni müdir təyin edilib - TƏYİNAT