
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “e-Tabib” mobil tətbiqinin təqdimat mərasimi keçirilib.
Aztibb.az-a Agentlikdən verilən məlumata görə, məqsəd “e-Tabib” mobil tətbiqinin vətəndaşlar üçün təqdim etdiyi geniş xidmət növləri haqqında ictimaiyyəti məlumatlandırmaq olub.
Agentliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin rəhbəri Ramil Mehdiyev bildirib ki, “e-Tabib” mobil tətbiqinin yeni versiyasının yaradılmasında məqsəd istifadəçilərin aldıqları tibbi xidmətlərin nəticələrini elektron qaydada izləmələrini daha rahat və çevik etməkdir.
Onun sözlərinə görə, mobil tətbiqin yeni versiyası daha funksionaldır. Əvvəlki versiya yalnız COVID-19 infeksiyası ilə əlaqəli idisə, təkmilləşdirilmiş yeni versiyadakı funksiyalar vətəndaşların vaxt itkisinin qarşısını almağa, onlara göstərilən tibbi xidmətlərin tarixçəsini izləmələrinə imkan yaradır.
Vətəndaşlar mobil tətbiq vasitəsilə tibb müəssisələrinə müraciətləri, qoyulan diaqnozlar, müayinə və laborator analiz nəticələri, tibbi arayışlar və göndərişlər vərəqəsi ilə onlayn qaydada tanış ola biləcəklər. Bütün sadalanan sənədlər mobil tətbiqdə “Şəxsi məlumatlarım” bölməsində əks olunur.
Qeyd olunub ki, “e-Tabib” istifadəçiləri “Faydalı məlumatlar” bölməsindən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrini tətbiqdəki xəritə üzərindən görə bilər, ən yaxın olan tibb müəssisəsini seçərək mobil telefonlarında olan naviqasiya tətbiqləri ilə əlaqələndirə bilərlər.
Əlavə olaraq, xidmətlər zərfi ilə təminata alınan tibbi xidmətlərlə, Milli peyvənd təqvimi, ən çox verilən suallarla tanış ola bilərlər. Eləcə də mobil tətbiq vətəndaşlara ərizə, təklif və şikayətlərini göndərmələri üçün imkan yaradır.














