İngiltərədə fəaliyyət göstərən tanınmış azərbaycanlı uşaq cərrahı  - İLHAMƏ CƏFƏRLİ
01.09.2022 11:27

Aztibb.az xaricdə fəaliyyət göstərən həkimlərimizi tanıtmaqda davam edir. 

 

Bu dəfə İngiltərədə fəaliyyət göstərən, hazırda Londonda Guys və St Thomas Evelina Uşaq Xəstəxanasında çalışan tanınmış azərbaycanlı uşaq cərrahı İlhamə Cəfərli haqqında məlumatları təqdim edirik:

 

İlhamə Cəfərli Azərbaycan Tibb Universitetini qırmızı diplomla bitirib. Daha sonra Böyük Britaniya Cərrahlarının Kraliyyət Kollecində "Ümumi cərrah" ixtisası üzrə təhsil alıb.

 

O, daim beynəlxalq tibb mərkəzləri ilə əməkdaşlıq edir. 2012-ci ildən Amerika Cərrahları Kollecinin üzvüdür. Beynəlxalq uşaq cərrahı sertifikatına malikdir. 2017-ci ildə Uşaq Cərrahlarının Avropa Şurasının əməkdaşı və üzvüdür.

 

İlhamə Cəfərli elmi istiqamətdə də fəaliyyətini davam etdirir.

 

2022-ci ildən İngiltərə Cərrah Qadınlar Cəmiyyətinin qadın cərrah mentorudur. 2021-ci ildən etibarən Androgenə həssassızlıq sindromunda X- genlərinin rolu və bu uşaqların rekonstruktiv əməliyyatla bərpası  beynəlxalq  fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyir.  

 

O, 2020-ci ildən “Biomedica A Peer Review” dərgisinin beynəlxalq redaktoru, 2021-ci ildən Pediatrik Praktika və Tədqiqat jurnalının beynəlxalq redaktoru, 2021-ci ildən CIPT nəşrlərinin redaksiya heyətinin üzvü, 2020-ci ildən Neonatologiya jurnalının redaktəçi konsultantı, həmçinin 2020-ci ildən Junior Medical Research jurnalı (JMR) beynəlxalq redaktoru və Pakistan Universiteti Tədqiqat Şurasının üzvüdür.

 

Bundan başqa, gənc həkim 2016-2018-ci illərdə “Contemporary Medicine” dərgisində məsləhət şurasının üzvü kimi də fəaliyyət göstərib.

 

İlhamə Cəfərli 25-dən artıq elmi məqalənin müəllifidir. Həmçinin 12 akademik təltifə layiq görülüb.

 

Azərbaycanlı cərrahın həmmüəllifliyi ilə "Wilm's Tümörü" (Yogesh Kumar Sarin, İ.Cəfərli, 2022), "Cərrahiyyədə IMM-Q BANK" (Dr. Shahan Saleem, İ.Cəfərli, 2020), "Xalq təbabəti (Etnobotanika)" (prof. S.İbadullayeva, İ.Cəfərli, M.Zaefizade, S.Namin, 2017) və "Efir yağları və aromaterapiya" (Bakı-Elm, prof. S.İbadullayeva, İ.Cəfərli, 2007) kitabları nəşr olunub.

 

Qeyd edək ki, İlhamə Cəfərlinin babası Cabbar Cəfərov Azərbaycanın tanınmış cərrahlarından olub. Anası Səyyarə İbadullayeva isə Azərbaycanda botanika, geobotanika, etnobotanika və bitki ehtiyatları üzrə tanınmış alim, AMEA-nın Botanika İnstitutunun baş direktoru, professordur.