ATU-nun Tədris Terapevtik Klinikasının fəaliyyəti müzakirə edilib
11.06.2021 18:35
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi şuranın növbəti toplantısı keçirilib. Toplantıda klinikanın may ayı üçün fəaliyyəti qiymətləndirilib və qarşıdakı dövr üçün vəzifələri müzakirə olunub.
 
Aztibb.az xəbər verir ki, klinika direktorunun müalicə işləri üzrə müavini Fəridə Hacıyeva çıxış edərək son aylar ərzində müəssisənin tibbi fəaliyyəti və mövcud çatışmazlıqlar barədə məlumat verib.
 
Qəbul və Təcili Tibbi Yardım şöbəsinin müdiri Cavanşir Məhərrəmov isə klinikada xəstələrin qəbulu ilə bağlı yaranan problemlərdən söz açıb.
 
Sonra çıxış edən klinikanın direktoru, professor Surxay Musayev yay aylarında klinikanın işinin təşkili və bu sahədə diqqət edilməli məsələlər barədə fikirlərini bölüşüb, eləcə də qarşıda duran vəzifələrdən söz açıb.
 
Professor S.Musayev görkəmli alim, professor Tamerlan Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil olunan konfrans barədə də danışıb, kafedra və şöbə müdirlərinə həmin tədbirlə bağlı tezislərin hazırlanması haqqında tapşırıq verib.
 
Toplantıda, həmçinin klinikanın fəaliyyətinə dair bir sıra cari məsələlər müzakirə olunub, müvafiq tapşırıqlar verilib.